Zikhlər əsrlər boyu bərabərlik, dini azadlıq və sosial ədalət uğrunda çıxış edirlər.
"Report"un məlumatına görə, bunu Zikh Federasiyasının (Böyük Britaniya) icraçı direktoru Sidhu Dabindercit Singh yanvarın 16-da Bakıda "Hindistanda zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, 556 il əvvəl Quru Nanak Dev Ci açıq şəkildə sosial bərabərsizliyə qarşı çıxıb, qadın bərabərliyini müdafiə edib, kasta sistemini pisləyib.
Federasiyasının icraçı direktoru bildirib ki, əhalinin 2 %-dən azını təşkil etmələrinə baxmayaraq, zikhlər Hindistanın müstəqilliyi uğrunda mübarizədə mühüm rol oynayıblar.
1947-ci il hadisələri barəsində danışarkən S.Singh vurğulayıb ki, Pəncabın bölünməsi zikhlər üçün faciəyə çevrildi: "Milyonlarla insan evlərini tərk etməyə məcbur oldu, yüz minlərlə insan öldü və ya zorakılığa məruz qaldı".
Federasiyasının icraçı direktoru bildirib ki, zikhlər 1950-ci ildə qəbul edilmiş Hindistan Konstitusiyasını heç vaxt qəbul etməyiblər, çünki bu konstitusiya zikhizmi ayrıca din kimi tanımır.
Onun sözlərinə görə, Hindistanın sonrakı hökumətlərinin heç biri bu boşluğu aradan qaldırmayıb.