İsveçin Malmö şəhərində yaşayan Milli Qəhrəman Şahin Tağıyev qocalar evində vəfat etməyib.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şahin Tağıyevin yaxını, onun döyüş yoldaşı Ələsgər Rüstəmov deyib.
O bildirib ki, Şahin Tağıyev İsveçdə reabilitasiya mərkəzində müalicə alıb:
"Şahinlə ailəvi dost olmuşuq. Dövlətimizə təşəkkür edirəm ki, Şahini belə qarşıladılar. Dövlətimiz xəbər tutandan sonra onun xərclərinin hamısını qarşıladı. Sosial şəbəkədə və bəzi media orqanlarında yazırlar ki, o, qocalar evində vəfat edib. Bu düzgün deyil, o, reabilitasiya mərkəzində olub. Şahinin oğlu, qızı onun bütün xərclərini qarşılayırdı. Həmin reabilitasiya mərkəzinə bir gün pul ödəməsələ onu 1 saatda orada saxlamazdılar".
Qeyd edək ki, Şahin Tağıyev Azərbaycanın ilk dörd Milli Qəhrəmanından biridir. O, 1992-ci il Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib. Ş.Tağıyevə 23 iyun 1992-ci il tarixində göstərdiyi qəhrəmanlığa görə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. "Qurtuluş" batalyonun komandiri olmuş Ş. Tağıyev 1993-cü ilin martında döyüşlərin birində ağır yaralanmış, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində ordudan tərxis olunub.