Atamın ev şəraitində müalicəsi mümkün olmayıb.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsveçdə vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin qızı Nigar Tağıyeva deyib.
O bildirib ki, 2002-ci ildə İsveçə köçüblər:
"Çox gözəl ata olub. Hər zaman bizə Azərbaycandan danışırdı, ölkəmizi sevdirirdi. Azərbaycan himnini mənə atam öyrədib. Həm insult, həm də infarkt keçirmişdi, iki ilə yaxın idi ki, xəstə idi. Onun evdə müalicəsi mümkün deyildi. Atamın müalicə olunduğu yer reabilitasiya mərkəzi idi".
Qeyd edək ki, Şahin Tağıyev Azərbaycanın ilk dörd Milli Qəhrəmanından biridir. O, 1992-ci il Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında xüsusi qəhrəmanlıq göstərib. Ş.Tağıyevə 23 iyun 1992-ci il tarixində göstərdiyi qəhrəmanlığa görə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. "Qurtuluş" batalyonun komandiri olmuş Ş. Tağıyev 1993-cü ilin martında döyüşlərin birində ağır yaralanmış, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik–leytenant rütbəsində ordudan tərxis olunub.