Kitab və ya planşet qarşısında bir neçə saat keçirdikdən sonra baş ağrısı, gözlərdə yanma və gün yeni başlayıbmış kimi yorğunluq hissi bir çox insana tanışdır. Xüsusilə son dövrlərdə kağızdan daha çox ekran üzərindən oxumaq göz gərginliyini demək olar ki, gündəlik problemə çevirib.
Lent.az xarici mediaya istinadla gözlərin oxu zamanı daha az yorulması və komfortun qorunması üçün sadə, amma təsirli tövsiyələri bölüşür.
Məlumata görə, oxu zamanı yaranan göz gərginliyi adətən ciddi göz xəstəliklərinə səbəb olmur. Lakin bu vəziyyət baş ağrısı, xroniki yorğunluq və diqqət azalması kimi narahatlıqların ən yayılmış səbəblərindən biri sayılır. Göz quruluğu, qıcıqlanma, işığa həssaslıq və gözün arxasında ağrı hissi isə görmə sisteminin fasiləyə ehtiyac duyduğunu göstərən əsas əlamətlərdir. Xüsusilə telefon, planşet və kompüterdən oxuyanlar üçün bu problem “rəqəmsal göz gərginliyi” adı ilə ayrıca qeyd olunur.
Mütəxəssislər ilk növbədə görməni mütəmadi yoxlatdırmağı tövsiyə edir. Bildirilir ki, hətta cüzi görmə zəifləməsi belə göz əzələlərinin daha çox işləməsinə səbəb olur və nəticədə yorğunluqla yanaşı baş ağrısı da yarada bilər. Bu səbəbdən ildə ən azı bir dəfə göz müayinəsindən keçmək vacib sayılır.
Ekrandan oxuyanlar üçün əsas tövsiyələrdən biri də “20-20-6” qaydasıdır. Bu qaydaya görə, hər 20 dəqiqədən bir 20 saniyə ərzində təxminən 6 metr uzaqlığa baxmaq göz əzələlərini rahatlaşdırır və quruluq, bulanıq görmə, baş ağrısı, boyun-çiyin ağrıları kimi problemlərin riskini azaldır. Mütəxəssislər bu vərdişi formalaşdırmaq üçün taymer və ya telefon xatırlatmalarından istifadə etməyi məsləhət görür.
Düzgün işıqlandırma da göz sağlamlığı üçün önəmli amil hesab olunur. Otaqda işıqlandırma balanslı olmalı, ekranın parlaqlığı isə gözləri yormayacaq səviyyədə tənzimlənməlidir. Kağız kitab oxuyarkən isə işığın səhifəyə yan və ya arxa tərəfdən düşməsi tövsiyə edilir. Oxu zamanı gözlərin qıyılması və alın nahiyəsinin gərilməsi işıqlandırmanın uyğun olmadığını göstərə bilər.
Qeyd olunur ki, göz yorğunluğu yalnız ekranla bağlı deyil. Uzun müddət kağız üzərindən oxumaq da gözləri yükləyə bilər. Buna görə də zaman-zaman baxışı uzağa yönəltmək, pəncərədən çölə baxmaq və daha çox göz qırpmaq faydalı hesab olunur. Çünki oxu zamanı insanlar adətən daha az göz qırpır və bu da göz quruluğunu artırır.
Mütəxəssislər həmçinin yuxu, su qəbulu və düzgün qidalanmanın da göz sağlamlığına birbaşa təsir etdiyini vurğulayır. Yuxusuzluq göz gərginliyini daha da gücləndirir. Gözlər üçün kifayət qədər yuxu, bol su, omeqa-3 ilə zəngin qidalar, A və E vitaminləri, həmçinin yaşıl yarpaqlı tərəvəzlər faydalı sayılır.
Məlumatda qeyd edilir ki, komfortlu oxu lüks deyil, özünə qayğının bir hissəsidir. Düzgün vərdişlər və mütəmadi diqqət sayəsində göz gərginliyini azaltmaq və oxumağı yenidən zövqlü hala gətirmək mümkündür.
görmə