IMG-LOGO

Pakistanda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

19.01.2024 10:13 127 baxış
IMG

Azərbaycanın Pakistandakı səfirliyi 20 Yanvar şəhidlərinin anım gününə həsr olunan “20 Yanvar - Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsi” adlı seminar təşkil edib.

"Report"un məlumatına görə, tədbirdə Pakistan Milli Müasir Dillər Universitetinin (NUML) müəllim-tələbə heyəti, bu ölkənin beyin mərkəzlərinin nümayəndələri, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.

Səfir Xəzər Fərhadov tədbirdə çıxış edərək bu il 20 Yanvar faciəsinin 34-cü ildönümünün anıldığını qeyd edib və Azərbaycanın müstəqilliyi, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərin xatirəsini dərin hörmətlə yad etdiyini ifadə edib. Bu hadisənin Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş bu hadisənin təkcə faciə kimi deyil, eyni zamanda müstəqillik uğrunda Azərbaycan xalqının apardığı azadlıq mübarizəsinin zirvəsi kimi həkk olunduğunu vurğulayıb.

X.Fərhadov 20 Yanvar faciəsindən söz açaraq Azərbaycan xalqının SSRİ rəhbərliyinin ayrı-seçkilik siyasətinə, yüz minlərlə azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi torpaqlarından deportasiya edilməsinə və Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə qarşı əsassız ərazi iddialarına cavab olaraq kütləvi etirazlar keçirdiyini vurğulayıb və xalqımızın başlatdığı milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə Sovet ordusunun beynəlxalq hüququ və Konstitusiyanı kobudcasına pozaraq dinc əhaliyə qarşı misli görünməmiş qırğın törətdiyini diqqətə çatdırıb.

Səfir Ümummilli Lider Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixində Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalq ilə həmrəylik nümayiş etdirdiyini, bu cinayəti kəskin şəkildə pislədiyini, törədilmiş qırğına siyasi və hüquqi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdiyini bildirib. Məhz xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra onun birbaşa təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini qeyd edib.

X.Fərhadov Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etdiyini və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini vurğulayıb. Diplomat bu gün Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərin ruhunun şad olduğunu bildirib.

Seminarda çıxış edən NUML-in xarici dillər fakültəsinin dekanı professor Cəmil Əsgər Cami və Pakistanın Davamlı inkişaf üçün Qlobal Strateji İnstitutunun icraçı direktoru Məhəmməd Şakil Əhməd Azərbaycan xalqını “böyük keçmişi olan böyük xalq” adlandıraraq 20 Yanvar hadisələrindən söhbət açıb və bu hadisənin Azərbaycan xalqının azadlıq mübarizəsinin simvolu olduğunu qeyd ediblər. Çıxışçılar Azərbaycanın Vətən müharibəsindəki Qələbəsindən də danışaraq ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini hörmətlə yad etdiklərini ifadə ediblər.

Bizim Telegram kanalımıza abunə olun