IMG-LOGO

Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı işinə başlayıb

16 Jan 2026 00:05 3 baxış
IMG

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Ali Səviyyəli Toplantısı BMT-nin Cenevrə Ofisi ilə tərəfdaşlıq çərçivəsində İsveçrənin Cenevrə şəhərində öz işinə start verib.

"Report" xəbər verir ki, toplantı "Çoxqütblü parçalanmalar və transformasiya dövründə multilateralizmin yenidən formalaşdırılması" mövzusuna həsr edilib.

Yüksək səviyyəli beynəlxalq platforma çərçivəsində qlobal idarəetmənin gələcəyi, çoxtərəfli institutların dəyişən dünya nizamına uyğunlaşdırılması, iqlim böhranı və dayanıqlı inkişaf, süni intellekt və texnoloji transformasiya, sülh və təhlükəsizlik, humanitar çağırışlar, miqrasiya və qlobal səhiyyə, inklüziv iqtisadiyyatlar, qadınların liderlikdə rolu, eləcə də qlobal mənzil və şəhərsalma problemləri üzrə geniş və əhatəli müzakirələr aparılır.

Eyni zamanda, müzakirələr zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçiriləcək XIII Qlobal Bakı Forumunun hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib. Bununla yanaşı, 17-22 may tarixlərində Bakıda baş tutacaq BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə bağlı məsələlər də müzakirə edilib.

Toplantıda 30-dan artıq ölkəni təmsil edən 50-dən çox yüksək səviyyəli beynəlxalq iştirakçı- sabiq dövlət və hökumət başçıları, BMT qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri və tanınmış ekspertlər iştirak edir. Açılış mərasimində BMT-nin Cenevrə Ofisinin Baş direktoru Tatyana Valovaya, Ümumdünya Ticarət Təşkilatının Baş direktoru Ngozi Okonjo-İweala, BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UN Trade and Development) Baş katibi Rebeka Qrinspan, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Dorin Boqdan-Martin, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax, Ərəb Liqasının sabiq Baş katibi, Misirin sabiq xarici işlər naziri Əmr Musa, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, eləcə də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev iştirak ediblər. Eyni zamanda, toplantının açılış mərasimi çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqanın xüsusi müraciəti səsləndirilib.

Qeyd edək ki, Mərkəz ilə BMT-nin Cenevrə Ofisi arasında mövcud institusional əməkdaşlıq əsasında hər il keçirilən bu ali səviyyəli toplantılar qlobal çağırışların müzakirəsi üçün mühüm beynəlxalq platforma rolunu oynayır.

Xəbər lenti