IMG-LOGO

"Araz-Naxçıvan"ın kapitanı: "Demçenko topla oyuna, ötürmələr və taktika üzərində işləməyə üstünlük verir"

15 Jan 2026 13:30 4 baxış
IMG

"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Andrey Demçenko topla oyuna, məşqlərdə ötürmələr və taktika üzərində işləməyə daha çox üstünlük verir.

Bunu "Report"a açıqlamasında Naxçıvan təmsilçisinin kapitanı Urfan Abbasov deyib.

33 yaşlı müdafiəçinin sözlərinə görə, hazırlıqlar yeni baş məşqçi Andrey Demçenkonun proqramı üzrə davam edir:

"Məşqçi həm taktiki, həm də fiziki yükləmələrlə bizi oyunlara hazırlayır. İki yoxlama matçı da keçirmişik. Məşqçi komandanı yoxlayır, öz taktikasını aşılamaq, fikirlərini oyunçulara çatdırmaq istəyir. Biz də çalışırıq ki, onun dediklərini yerinə yetirək. Vaxt keçdikcə daha yaxşı olmağa çalışacağıq".

U.Abbasov yeni baş məşqçinin iş üslubuna da toxunub:

"Yoxlama oyunlarında nəticə haqqında düşünmürük. O, istəyir ki, tapşırıqlarını düzgün yerinə yetirək. Hər məşqçinin öz üslubu, fərqli taktikası var. Biz də buna uyğunlaşmağa çalışırıq. Bu məşqçi daha çox topla oyuna üstünlük verir, məşqlərdə ötürmələr, taktika üzərində işləyirik. Fasilə müddəti az oldu. Məncə, bu səbəbdən futbolçuları ciddi "yükləməyə" də ehtiyac yoxdur. Əsas oyunçuları formaya salmaqdır. Məşqçi də bunu paralel aparır, həm fiziki "yükləmələr" olur, həm də taktiki-texniki çalışmalar".

Təcrübəli müdafiəçi qarşıya qoyulan məqsədi açıqlayıb:

"Məşqçinin dediklərini edə bilsək, daha yaxşı oyun və nəticə göstərə bilərik. İlk gündən qarşımıza hədəf qoyulub ki, avrokuboklarda çıxış edək. Əlimizdən gələni edəcəyik ki, mövsümün sonunda sevinən tərəf olaq".

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasında 16 turdan sonra 26 xalla 6-cı pillədə qərarlaşıb.

Xəbər lenti