Qara dəniz bölgəsinin ən vacib iqtisadi, sosial və mədəni toplantılarından biri hesab edilən İkinci Beynəlxalq Ayder Forumunun keçirilməsində azərbaycanlı dostlarımızın da dəstəyi var.
Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Rize valisi İhsan Selim Baydaş deyib.
Vali deyib ki, bu tədbirin baş tutmasında Rize valiliyi, bələdiyyəsi, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xüsusi rolu var:
"Prezident Rəcəb Tayyib Ərdoğan çıxışlarında məmləkəti Rizenin, eləcə də bütün Türkiyənin ən əsrarəngiz təbiəti olan Ayder yaylasını Davos kimi dünya, milli və beynəlxalq məsələlərin müzakirə mərkəzinə çevrilməsi çağırışını ifadə edir. Bir baxış və məqsəd olaraq qarşımıza qoyulan bu hədəfə çatmaq üçün Ayderdə kifayət qədər yaxşı imkanlar var. Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə baş tutan bu tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatının baş katibi Asəf Hacıyevin bir azərbaycanlı olaraq Rizeni Qaradəniz bölgəsinin ən güclü iqtisadi zonasına çevrilməsində təəssübkeşliyini yüksək dəyərləndiririk".
O qeyd edib ki, birinci foruma dünyanın 10 ölkəsindən ekspertlər, alimlər qatılıb, hazırkı forumda isə bu rəqəm 40-ı aşıb:
"Azərbaycandan nümayəndələr, o cümlədən millət vəkilləri də burada iştirak edir. Bu tədbir milli və beynəlxalq səviyyədə ekspertləri, akademikləri, dövlət qurumlarının nümayəndələrini, vətəndaş cəmiyyəti və özəl sektor təmsilçilərini bir araya gətirərək regionun potensialının qlobal miqyasda daha effektiv şəkildə təqdim olunmasını hədəfləyir".
Qeyd edək ki, "Enerji, qlobal təhlükəsizlik və diplomatiya" başlıqlı forum yanvarın 17-dək davam edəcək.