IMG-LOGO

TRIPP sənədinin açıqlanması iqtisadi və ciddi siyasi mesajlar ehtiva edən strateji addımdır - RƏY

15 Jan 2026 10:49 3 baxış
IMG

Son dövrlər Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar regionun nəqliyyat və logistika xəritəsini yenidən formalaşdırır. Bu kontekstdə TRIPP sənədinin açıqlanması təkcə iqtisadi deyil, həm də ciddi siyasi mesajlar ehtiva edən strateji addım kimi dəyərləndirilə bilər.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.

O xatırladıb ki, ötən il avqustun 8-də Vaşinqtonda keçirilən görüş regionda davamlı sülhün əldə olunması üçün mühüm platforma rolunu oynamışdı və sənədin hazırkı mərhələdə ortaya çıxması həmin görüşdə yaranmış müsbət dinamikanın məntiqi davamı kimi qiymətləndirilməlidir.

Deputatın fikrincə, bu, tərəflər arasında etimad quruculuğu prosesinin artıq praktiki müstəviyə keçdiyini nümayiş etdirir:

"​Sənədin diqqətçəkən ən mühüm məqamlarından biri onun ABŞ-ın xarici siyasət kursu və konkret olaraq Donald Trampın adı ilə bağlı olmasıdır. ABŞ tərəfi sənədin tam şəkildə icrası və implementasiyası istiqamətində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə qərarlı olduğunu açıq şəkildə göstərir. Bu qətiyyət layihənin beynəlxalq təminat altına alınması və qlobal investisiya axınının stimullaşdırılması baxımından həlledici əhəmiyyət kəsb edir".​

Bununla yanaşı, Azər Kərimli vurğulayıb ki, TRIPP sənədi Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılmış növbəti və həlledici addım kimi qəbul edilməlidir:

"Cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi son müsahibəsində vurğuladığı kimi, Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Sənəddə əksini tapan müddəalar bu strateji hədəfin reallaşma kontekstində mühüm bir həlqəni təşkil edir.

Prosesin bundan sonrakı mərhələsi isə daha çox texniki və operativ xarakter daşıyacaq, işçi qaydada intensiv şəkildə davam etdiriləcək.

Yekun olaraq qeyd etmək olar ki, bu sənəd Azərbaycanın regionda diktə etdiyi yeni reallıqların beynəlxalq səviyyədə təsdiqi və gələcək inkişafın yol xəritəsidir".

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" (TRIPP) icrası üzrə çərçivə sənədinin qəbul edilməsi avqustun 8-də Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlara ABŞ tərəfinin sadiqliyini bir daha nümayiş etdirməklə yanaşı, bu sahədə əməli işlərə başlamaq üçün mühüm addımdır. XİN-in şərhinə əsasən, bu, eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından əhəmiyyət kəsb edir.

Xəbər lenti