Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirliyin əməkdaşları, yerli ictimaiyyət nümayəndələri yanvarın 18-də Tbilisinin yaxınlığındakı Soğanlıq (Poniçala) qəsəbəsində 20 Yanvar və 9 Aprel şəhidlərinin xatirəsinə ucaldımış abidəni ziyarət edib.
"Report"un yerli bürosu xəbər verir ki, abidələrin önünə gül dəstələri düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Sonra səfir qəsəbə nümayəndələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
F.Quliyev Azərbaycan ilə Gürcüstanın müstəqillik mübarizəsindən söz açıb, imperalist qüvvələrin xalqlarımızın qanı bahasına əldə olunmuş müstəqilliyə qarşı həyata keçirdiyi amansız qətliamlardan danışıb. O bildirib ki, lakin həmin qüvvələr xalqlarımızın mübarizə əzmini qıra bilməyib, Azərbaycan və Gürcüstan öz müstəqilliyinə qoruyub saxlayıb, inkişaf etdirib.
Diplomat Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycanın, eləcə də Gürcüstanın müstəqillik uğrundakı mübarizədəki rolunu xüsusi qeyd edib.
Səfir bildirib ki, 20 Yanvar faciəsi zamanı Gürcüstanəsilli 6 azərbaycanlı şəhid olub. Bundan başqa, birinci və ikinci Qarabağ müharibələri, eləcə də 2023-cü ildə həyata keçirilən lokal antiterror əməliyyatları zamanı 23 soydaşımız şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan dövləti təkcə ölkəmizdəki şəhidlərin və qazilərin deyil, Gürcüstandan olan şəhidlərin ailələrinə də daim diqqət və qayğı gösərib. Hər il Qanlı Yanvar faciəsi qurbanlarının ailələri ziyarət olunur, onlara lazımi diqqət və qayğı göstərilir.
Qəsəbə ziyalıları Azərbaycan dövlətinin şəhid və qazi ailələrinə, eləcə də Gürcüstandakı digər qəbildən olan soydaşlarımıza göstərdiyi diqqət və qayğını, soydaşlarımızın təhsil haqlarının ödənilməsini, Gürcüstanın müxtəlif bölgələrində məktəblərin, idman, mədəniyyət mərkəzlərinin, uşaq bağçalarının tikintisini, təmir və bərpasını yüksək qiymtləndirib, minnətdarlıq ediblər.
Səfir görüş zamanı səslənən təkliflərin nəzərə alıanacağını bildirib.
Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər planı hazırlayıb.
Bizim Telegram kanalımıza abunə olun





