IMG-LOGO

Culfada 2025-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

14 Jan 2026 19:01 5 baxış
IMG

Culfada 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat tədbiri keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova hesabat məruzəsində bildirib ki, tikinti quruculuq işləri əvvəlki illərdə olduğu kimi 2025-ci ildə də diqqət mərkəzində saxlanılıb.

Belə ki, Culfa şəhərində 132/110/35/10 Kvt-luq yarımstansiya və "Darıdağ" Arsenli Su Müalicəxanasının tikintisi davam etdirilib, Bənəniyar Su anbarını Əlincə çayından qidalandıran 6550 metrlik "Sağ-sahil" kanalının yenidən qurulması işlərinə başlanılıb. Culfa şəhərində prospekt və küçələrdə 8 yaşayış binasının istilik xətləri yenilənib, Yaycı kəndində 360 nəfərlik, Ərəfsə kəndində isə 200 nəfərlik mərasim evi tikilib. Həmçinin 2025-ci il ərzində 3,3 km məsafədə Gal və Şurud kənddaxili yollarında əsaslı təmir işləri aparılıb, rayonun magistral yollarında, şəhərdaxili və kənddaxili yollarda, ümumilikdə, cari təmir-bərpa və quraşdırma işləri aparılıb.

S.Hüseynova rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sektorun təhlilini apararaq bildirib ki, ötən il kənd təsərrüfatı sahəsində məhsul istehsalı 2024-cü illə müqayisədə 1 milyon 653 min 900 manat artaraq 45 milyon 20 min 200 manat təşkil edib. Rayonda ekoloji cəhətdən müxtəlif növ təmiz ərzaq məhsulları yetişdirən 155 ailə təsərrüfatçısına lazımi dövlət dəstəyi göstərilib, onların istehsal etdiyi məhsulların Culfa və Naxçıvan şəhərlərindəki bazarlara çıxarılaraq satışının həyata keçirilməsinə şərait yaradılıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxışında qeyd edib ki, muxtar respublikanın 2023-2027-ci illəri əhatə edən dövlət proqramı regionun sosial-iqtisadi inkişafının yeni mərhələsini müəyyənləşdirir. Proqramdan irəli gələn vəzifələrin icrası çərçivəsində iqtisadi fəallığın artırılması, sahibkarlığın dəstəklənməsi, məşğulluğun genişləndirilməsi və əhalinin rifahının yüksəldilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

Xəbər lenti