"Bakıdakı yarış yüksək səviyyədə təşkil olunacaq".
Bunu "Report"a açıqlamasında badminton üzrə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi Bakıda keçiriləcək beynəlxalq turnirlə bağlı danışarkən deyib.
Paytaxtda bir sıra beynəlxalq yarışların gerçəkləşdiyini xatırladan iranlı mütəxəssis "Azerbaijan International 2024”ün də hamı üçün maraqlı olacağını bildirib: "Qonaqlar ölkə idmanının necə inkişaf etdiyini bir daha görəcəklər. Buradakı turnirlər həmişə yüksək səviyyədə keçirilib və idmançıların təhlükəsizliyi təmin edilib. Bundan əlavə, Azərbaycanda hər zaman feyr-pleyə və sağlam rəqabətə xüsusi önəm verilir. Məhz bu səbəbdən Bakıya gələnlər özlərini rahat hiss edirlər".
Baş məşqçi yarışın idmançılara 4500 xal verəcəyini söyləyib: "Dünyada ilk 25 sıradakı badmintonçu, demək olar ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər. İki il əvvəl İranda eyni turnir keçirilsə də, lisenziya xalı vermirdi. Amma Azərbaycandakı ilk yarış olimpiadaya təsnifat xarakterli oldu".
Validarvi Azərbaycan təmsilçiləri Edi Reski Dviçayo və Keişa Fatimə Zəhranın şanslarından söz açıb: "Bizim idmançılar yaxşı yerlərdədirlər. Paris 2024-ə bir kişi və bir qadın idmançı aparmaq niyyətindəyik. Hazırda ikisi də dünya reytinqində 27-ci sıradadır. Ümid edirəm ki, badmintonçularımız Bakıda da yaxşı nəticələr qazanacaqlar. Doğma meydanda əldə olunacaq uğurla olimpiadadakı iştirakımızı təmin etmək istəyirik".
Mütəxəssis son olaraq Azərbaycan Badminton Federasiyası ilə Dünya Badminton Federasiyası arasında yaxşı əməkdaşlığın olduğunu və qarşıdakı dönəmlərdə paytaxtımızda növbəti turnirlərin də keçirilə biləcəyini vurğulayıb.
Qeyd edək ki, “Azerbaijan International 2024” fevralın 8-11-i aralığında Bakı İdman Sarayında olacaq.
Bizim WhatsApp kanalımıza abunə olun