IMG-LOGO

Bu il keçənilki kimi olmayacaq - Ekspertin magistratura üçün PROQNOZLARI

14 Jan 2026 14:00 4 baxış
IMG
3 0

Yanvarın 14-16-na qədər magistraturaya sənəd qəbulu aparılacaq. İmtahan isə fevralın 15-i keçiriləcək. Maraqlıdır ki, ötən il magistratura üçün ayrılmış plan yerinin 2785-i boş qalmışdı. Onların isə arasında, hətta dövlət sifarişli ixtisaslar da var idi.

Bəs görəsən, builki imtahandan gözləntilər nələrdir?

Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) Lent.az-a açıqlamasında bildirib ki, bu il keçid ballarında artım gözlənilir:

“Ötən illə müqayisədə bu il magistraturaya sənəd verənlərin sayı çox olacaq. Çünki 2025-ci ildə imtahanda iştirak edib müsabiqə şərtlərini ödəməyən bakalavrlar bu il yenidən imtahanda iştirak edəcəklər, bu isə bal intervallarına təsir göstərəcək. Bundan əlavə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2 ildir ki, magistraturada esse xarici dil fənn blokuna daxil edilib. Bakalavrlar artıq ötən ilə nəzərən esseyə daha hazırlıqlıdırlar. Bu il 70-80 bal aralığında yüksək nəticə göstərənlərin sayı ötən dövrə nəzərən çoxluq təşkil edəcək. İkinci cəhd imtahanında iştirak edərək daha yüksək nəticə göstərən bakalavrlar olduqda, ötən il formalaşmış keçid ballarında dəyişiklik, yəni artım olacaq.

Gözləntilərimiz ondan ibarətdir ki, bu il həm ümumi, həm də dövlət sifarişli plan yerlərinin sayı artacaq. Bu isə daha çox bakalavrın universitetə qəbuluna imkan yaradacaq.

Lakin ötən il olduğu kimi bu il də yüksək bal toplayanların sayı ilə bağlı çox da gözləntilərimiz yoxdur. Ona görə də 80 bal və üzəri formalaşmış keçid balları olduğu kimi qalacaq”.

Ekspert qeyd edib ki, magistraturaya ümumi marağın azalması iş mühitində həmin təhsil pilləsinə dair tələblərin çox da olmaması ilə bağlıdır:

“Bəzi iş istiqamətlərində magistratura səviyyəsində təhsil alıb-almamaq o qədər də əhəmiyyət kəsb etmədiyi üçün bakalavrların həmin pillə üzrə oxumağa maraqları azalır. Magistraturada təhsil almaq istəyən şəxslər sırasında oğlan bakalavrlar çoxluq təşkil edirlər. Onlar həqiqi hərbi xidmətdən müəyyən müddətlik möhlət almaq üçün oxuyurlar. Qız bakalavrların bir hissəsi doktorantura istiqamətinə getmək üçün magistraturadan keçirlər, dgər qismi isə universitetdə işləmək fürsəti əldə etmək üçün magistraturaya üz tuturlar. Ötən il plan yerlərində, hətta dövlət sifarişli ixtisaslar belə, boş qalmışdı. Bu il isə o qədər boşluğun olacağını gözləmirəm. Çünki 2025-ci ildə müsabiqədən kənarda qalan, öz arzuladığı ixtisasa qəbul olmayan bakalavrlar bu il müsabiqəyə qatılıb, vəziyyəti bir qədər rəqabətli edəcəklər”.

magistratura magistraturaya qəbul imtahanı DİM Təhsil eksperti

Xəbər lenti