Ukrayna və Almaniya 2026-cı ilin sonuna qədər dron istehsalı üzrə 10 birgə müəssisə açacaq.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
O qeyd edib ki, bu gün Ukrayna ordusu üçün artıq dron istehsal edən ilk Almaniya-Ukrayna birgə müəssisəsini ziyarət edib.
Ukrayna Prezidenti bildirib ki, birgə istehsal olunan ilk zərbə pilotsuz uçuş aparatını (PUA) təhvil alıb, istehsal müəssisəsi ilə tanış olub və onun ilk uçuşunu izləyib.
"Bu, döyüşdə sınaqdan keçmiş və süni intellektlə təchiz edilmiş müasir Ukrayna texnologiyasıdır. O, zərbələr endirəcək, kəşfiyyat aparacaq və döyüşçülərimizi qoruyacaq. Artıq bu il burada istehsal olunan 10 min dron Ukraynaya təhvil veriləcək və qoşunlarımızı gücləndirəcək", - Zelenski qeyd edib.
O vurğulayıb ki, istehsal müəssisəsi açılması Avropada birgə istehsalın işə salınması üzrə uzunmüddətli işin nəticəsidir. Zelenski həmçinin dəstək və əməkdaşlığa görə Almaniya Kansleri Fridrix Mertsə, Almaniya hökumətinə, müdafiə naziri Boris Pistoriusa və alman xalqına təşəkkür edib.