Azərbaycanın U-21 millisinə təyinat Rəşad Hüseynov üçün böyük məsuliyyət və etimaddır.
Mütəxəssis bunu "Report"a açıqlamasında söyləyib.
O, U-21-də çalışmağın şərəf olduğunu bildirib:
"Bu təyinat mənim üçün həm böyük məsuliyyət, həm də etimaddır. U-21 millisi Azərbaycan futbolunun gələcəyini formalaşdıran əsas pillələrdən biridir. Bu komandada çalışmaq mənim üçün həm şərəf, həm də özümü daha da inkişaf etdirmək baxımından əla fürsətdir. Dəvət mənim üçün çox dəyərli idi. Tam sürpriz olmasa da, xoş və qürurverici bir xəbər oldu. Hər bir məşqçi üçün milli komandanın bir hissəsi olmaq ən böyük məqsədlərdən biridir. Baş məşqçi Rəşad Eyubovun müasir futboldakı detallara olan həssas yanaşması bu təklifə marağımı daha da artırdı. Son illərdə müxtəlif yaş qruplarında gördüyüm işlər və gənc oyunçularla təcrübəm bu səviyyədə də faydalı ola biləcəyimi göstərirdi. Ona görə də bu dəvət həm Rəşad Eyubovun mənə etimadının göstəricisidir, həm də məsuliyyətimin daha da artması deməkdir".
R.Hüseynov məşqçilər korpusunun öhdəliklərindən bəhs edib:
"Baş məşqçi ilə birgə çalışdığımız müddətdə məşqçi heyətinin üzərinə düşən əsas öhdəliklər arasında onun nəzarəti altında gündəlik məşq proseslərinin təşkili, fərdi oyunçu inkişaf proqramlarının hazırlanması, həmçinin rəqibin təhlili və oyun planımızın icrasında fəal iştirak yer alır. Bundan başqa, futbolçularla fərdi ünsiyyət və motivasiya da işimizin vacib hissəsidir".
O, bu təyinatın karyerasına müsbət təsirini vurğulayıb:
"U-21 səviyyəsində işləmək böyük bir məktəbdir. Bu mühitdə həm oyun fəlsəfəsi, həm də komanda idarəçiliyi baxımından çox şey öyrənmək mümkündür. Gənc futbolçularla işləmək səbir, təhlil və fərdi yanaşma tələb edir. Beynəlxalq oyunlardakı təcrübə baxımından da bu mərhələni gələcəkdə baş məşqçi kimi fəaliyyətim üçün ciddi bir təcrübə və hazırlıq mərhələsi hesab edirəm".
35 yaşlı məşqçi komandada tətbiq etmək istədikləri yeniliklərə də toxunub:
"Məqsədimiz komandanın oyun tərzini həm taktiki, həm fiziki, həm də psixoloji baxımdan yüksəltməkdir. Bunun üçün məşqlərdə daha yüksək intensivlik, topa sahibolma və sürətli keçidlər üzərində işləyirik. Bundan əlavə, bərpa və performans izləmə sistemləri tətbiq edərək, hər bir oyunçunun fiziki göstəriciləri fərdi qaydada təhlil edilir. Gənclərin milli formaya olan məsuliyyət hissini artırmaq da əsas məqsədimizdir".
Qeyd edək ki, R.Hüseynov bir müddət öncə U-21 millisinin baş məşqçis Rəşad Eyubovun köməkçisi təyin olunub.