IMG-LOGO

İlqar Vəlizadə: Yaxın Şərqdə, İranda baş verən proseslər fonunda TRIPP layihəsinin əhəmiyyəti ABŞ üçün xeyli artıb

14 Jan 2026 11:40 3 baxış
IMG

Yaxın Şərqdə, İranda baş verən proseslər fonunda TRIPP layihəsinin əhəmiyyəti ABŞ üçün xeyli artıb.

Bunu "Report"a açıqlamasında siyasi şərhçi, iqtisadiyyat üzrə fəlsəfə doktoru İlqar Vəlizadə deyib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio arasında yanvarın 13-də keçirilən görüşdə Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) icra çərçivəsi ilə bağlı birgə bəyanat qəbul olunub. Çərçivə Ermənistan ərazisində maneəsiz, multimodal tranzit əlaqəsi qurmağı nəzərdə tutan TRIPP-in fəaliyyətə başlaması üçün konkret bir yol göstərir.

Bildirilir ki, ABŞ Ermənistanla birlikdə təsis olunacaq "TRIPP Development Company" (Tramp Marşrutunun operatoru) şirkətində nəzarət paketini əldə edəcək. O da diqqətə çatdırılır ki, TRIPP-in uğuru regional sülh, ABŞ iştirakı və yeni prosedurlardan asılıdır.

İ.Vəlizadə bəyanatın imzalanmasının İranda baş verən hadisələrlə üst-üstə düşdüyünü qeyd edib:

"Bu da ondan xəbər verir ki, ABŞ layihənin tezliklə reallaşdırılmasını istəyir. Çünki bu layihə ABŞ-yə həm Cənubi Qafqaz, həm Mərkəzi Asiya regionunda öz mövqelərini gücləndirməyə imkan yaradacaq. Söhbət ilk növbədə iqtisadi mövqelərdən gedir. Lakin iqtisadi mövqelər geosiyasi mövqelərin gücləndirilməsinə də gətirib çıxarır", -deyə mütəxəssis əlavə edib.

İ.Vəlizadə layihənin Ermənistan üçün də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

"Son vaxtlar Ermənistan-Rusiya münasibətlərində yenə gərginlik yaşanır. Ermənistan çalışır ki, yol-nəqliyyat sektoru başda olmaqla Rusiyadan asılılığını azaltsın. Yəni mənzərə ondan xəbər verir ki, ABŞ və Ermənistanın maraqları üst-üstə düşür və layihənin reallaşması zəruri görünür".

TRIPP-in Azərbaycan üçün əhəmiyyətinə gəldikdə isə müsahib diqqətə çatdırıb ki, bu layihə ölkənin mövqelərini möhkəmləndirəcək:

"Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də TRIPP-ə vurğu etdi. Bildirildi ki, layihənin icrası Azərbaycanın qarşıya qoyulan hədəflərin reallaşmasına təkan verəcək. Bu cür gedişatlar ilk növbədə Naxçıvan, Şərqi Zəngəzur və Qarabağın vahid bölgəyə çevrilməsi prizmasından labüddür".

Xəbər lenti