IMG-LOGO

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi builki hədəflərini müzakirə edib

14 Jan 2026 10:40 3 baxış
IMG

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının 2025-ci il üzrə fəaliyyətinə dair hesabatında cari ilin plan və hədəfləri müzakirə edilib.

"Report" xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri Gündüz Kərimov gündəlikdə olan məsələləri iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra Mərkəzin icraçı direktoru Samir Mahmudov ötən il üzrə qurumun fəaliyyəti, o cümlədən işinin təşkili istiqamətində görülən tədbirlər və əldə olunan nəticələr barədə iclas iştirakçılarına ətraflı məlumat verib.

S.Mahmudov bildirib ki, Mərkəz hesabat dövründə nizamnaməsinə uyğun olaraq normativ hüquqi aktların keyfiyyətinin artırılması, hüquqi akt layihələrinin hazırlanması, hüquqi ekspertizanın aparılması, hüquqi rəylərin verilməsi, habelə dövlət qurumları əməkdaşlarının hüquq normalarının tətbiqi sahəsində bilik, bacarıq və səriştələrinin artırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi normayaratma fəaliyyətində vahid yanaşmanın təmin edilməsi və normativ hüquqi aktların keyfiyyətinin artırılması məqsədilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Normayaratma" adlı kitab, həmçinin, "Publik hüquqi şəxslər haqqında" qanunun elmi-praktiki kommentariyasını nəşr edib.

Bundan sonra, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ötən il ərzində görülmüş işlər və qarşıdakı planlar haqqında ətraflı məlumat verərək bu müddət ərzində mərkəzi icra hakimiyyəti orqanları və Milli Məclis, məhkəmə və prokurorluq orqanları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, habelə müxtəlif institutlar və akademiyaların əməkdaşları üçün təlimlərin keçirildiyini qeyd edib. Sədr hazırladıqları virtual kitabxanadan istifadəçilər tərəfindən müxtəlif kontentin əldə edildiyini də bildirib. Habelə hesabat dövrü ərzində İnstitutun üç kitab çap etməsi, habelə bir sıra normativ hüquqi aktların insan hüquqları ekspertizasını həyata keçirməsi ilə bağlı da məlumat verib.

İclasda Mərkəzin və İnstitutun 2025-ci il üzrə fəaliyyətinə dair hesabatında qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, cari il üçün planlar və hədəflər müzakirə edilib. Sonda Müşahidə Şurasının üzvləri hesabatı qənaətbəxş sayıb.

Xəbər lenti