Seydina Keyta "Qəbələ"yə gəlişində komandanın sabiq futbolçusu Dodonun da rolu olduğunu bildirib.
"Report" xəbər verir ki, seneqallı mərkəz müdafiəçisi bunu klubun rəsmi saytına açıqlamasında deyib.
O, komandaya uyğunlaşma prosesi, Azərbaycan futbolu haqqında məlumatları və hədəfləri barədə danışıb.
"İlk olaraq komanda və buradakı infrastrukturu qeyd edə bilərəm. Gördüyüm qədərilə Qəbələdə infrastruktur çox yaxşıdır. Xəstələndiyim üçün komanda ilə oyunlara tam hazırlaşmasam da, bu cür şəraitdə yaxşı performans göstərmək mümkündür".
Təcrübəli futbolçu Azərbaycan futboluna bələd olduğunu və "Qəbələ"nin sabiq oyunçusu Dodo ilə dostluq münasibətlərindən söz açıb:
"Azərbaycan futbolu barədə məlumatım var idi. ‘Qarabağ"ın demək olar ki, Çempionlar Liqasındakı bütün oyunlarına baxmışam. ‘Qəbələ" haqqında da məlumatlı idim. Çünki mənim dostum, eyni zamanda komandamızın əfsanəsi olan Dodo vaxtilə burada oynayıb. Onunla Latviyanın ‘Liepaya" klubunda bir yerdə çıxış etmişik. Dodo ‘Qəbələ" haqqında mənə çox danışıb. Komandanın bir neçə oyununu da izləmişəm. Zənnimcə, çox maraqlı komandadır. Düzü, ‘Qəbələ" dən təklif gəldikdə bunu Dodoyla müzakirə etmədim. Çünki o, əvvəlcədən mənə ‘Qəbələ" haqqında çox şey danışmışdı. Həmçinin Dodonun ‘Qəbələ"nin heyətində avrokuboklarda çıxış etdiyi oyunlara da baxmışam. İlk təəssüratım bu oldu ki, çox yaxşı komandadır. Buna görə də əlavə məlumata ehtiyacım yox idi. Həmçinin futbolçu olaraq gedəcəyim komanda barədə çox soruşmağı xoşlamıram. Əsas odur ki, həmin klubda özüm yaxşı təəssüratı yaradım".
Keyta sonda azarkeşlərə müraciət edərək onlardan dəstək istəyib:
"Azarkeşlərə sözüm odur ki, komandaya dəstək olsunlar. Hazırda ‘Qəbələ" çətin vəziyyətdədir. Buna görə də onların dəstəyinə xüsusilə ehtiyacımız var. Söz verə bilərəm ki, hər şey yaxşı olacaq. Biz əlimizdən gələnin ən yaxşısını etmək üçün buradayıq. Ümid edirəm ki, hamımız birlikdə yaxşı nəticə qazana bilərik".
Qeyd edək ki, "Qəbələ" bir müddət öncə Seydina Keyta ilə 6 ay +1 illik müqavilə imzalayıb.