ABŞ Ermənistanla birlikdə təsis olunacaq "TRIPP Development Company" (Tramp Marşrutunun operatoru) şirkətində nəzarət paketini əldə edəcək.
"Report"un məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın TRIPP ilə bağlı birgə bəyanatında deyilir.
"Ermənistan "TRIPP Development Company"yə 49 illik müddətə layihənin inkişafı hüququnu verməyi nəzərdə tutur. Şirkətin səhmlərinin 74 %-nin ABŞ-nin, 26 %-nin isə Ermənistanın payına düşəcəyi nəzərdə tutulur. Razılaşmanın daha 50 il uzadılmasından sonra Ermənistanın payı 49 %-ə qədər artacaq", - bəyanatda qeyd edilib.
Həmçinin bidirilib ki, səhmdarların strukturunda və ya son benefisiarlarda hər hansı dəyişiklik üçün ABŞ və Ermənistan hökumətlərinin əvvəlcədən razılığı tələb olunur.
TRIPP-in inkişafı üzrə şirkət multimodal infrastrukturun planlaşdırılması, tikintisi, istismarı və xidməti, xüsusi layihə şirkətlərinin yaradılması, podratçılar və operatorlarla müqavilələrin bağlanması, gəlirlərin toplanması və generasiyası, eləcə də TRIPP marşrutunun idarə edilməsi üçün müstəsna hüquq əldə edir.
Əməliyyat şirkəti tərəfindən idarə olunacaq mümkün obyektlərə bunlar daxildir: dəmir yolu infrastrukturu, avtomobil yolları, körpülər və tunellər, enerji və rəqəmsal infrastruktur (fiber-optik kabellər), həmçinin köməkçi obyektlər və təhlükəsizlik sistemləri.
Məlumat yenilənir