IMG-LOGO

Qrenlandiya: Qərb bloku maraqlarının toqquşduğu daha bir nöqtə - ŞƏRH

12 Jan 2026 16:48 5 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp ölkəsinin Qrenlandiyaya sahib olmasının vacibliyini yenə vurğulayıb. O bildirib ki, Qrenlandiyaya sahib olmasalar, Rusiya və ya Çin ABŞ-ni ələ keçirə bilər.

Venesuelada Nikolas Maduroya qarşı keçirilən əməliyyatdan sonra Ağ Evin indiki yiyəsi bu məsələni yenidən gündəmə gətirib. Hələ 2019-cu ildə ilk prezidentlik müddətində Tramp Qrenlandiyanı almağı təklif etmişdi. Ancaq ona cavab olaraq adanın satılmadığını bildirmişdilər.

Yeri gəlmişkən, qeyd edək ki, "Amerikanı yenidən böyük edək!" ("Make America Great Again!") şüarı ilə prezident seçkisində təbliğat kampaniyası keçirmiş Donald Trampın dövlət başçısı olandan sonra ilk açıqlamalarından biri Qrenlandiya adası barədə olub. O çıxışlarında Qrenlandiyanın Ştatlara birləşməsinin vacibliyini dəfələrlə vurğulayıb. Tramp adanı satın almağı təklif edib. 2025-ci ilin mart ayında isə oranın ilhaq oluna biləcəyinə əminliyini bildirmişdi.

Ağ Evin son günlər əraziyə nəzarət etməsi üçün variantlar üzərində işlədiyinə dair xəbərlər yayılıb. Onlardan biri ərazini almaqdırsa, digəri adaya hərbi müdaxilə sayılır. Danimarka və Qrenlandiya yenə adanın satılmadığını bildirir.

Danimarka NATO-nun üzvüdür. Deməli, blok daxilində ABŞ-nin strateji müttəfiqidir. O, Alyansın əsas təsisçilərindən biridir. Danimarka tankları 1992-1995-ci illərdə Bosniya və Herseqovinada "Bollebank" əməliyyatı çərçivəsində döyüşlərdə iştirak edib. Ölkə 1999-cu ildə Alyansın keçmiş Yuqoslaviyada keçirdiyi hərbi əməliyyatlarda da iştirak edib. İki il sonra bu ölkənin "F-16"ları Liviyaya hava zərbələri endirib. Malidə 2013-2022-ci illərdə NATO əməliyyatlarının iştirakçısı olub. 2020-ci ildə İraqda Atlantik Alyansının təlimlərinə başçılıq edib. O, Ukrayna və Gürcüstanın Alyansa üzvlüyünü fəal dəstəkləyənlər sırasında olub.

ABŞ-nin Qrenlandiyanın şimal-qərbində yerləşən "Pituffik" hərbi bazasında daimi olaraq 100-dən çox hərbçisi var. Bu baza İkinci Dünya Müharibəsindən bəri Ştatlara məxsusdur. İki ölkə arasında razılaşmalara əsasən, ABŞ Qrenlandiyaya məhdudsuz hərbçi göndərmək hüququna malikdir.

Donald Tramp iki ölkə arasında icarə haqqında razılaşmaya etiraz edib. Onun sözlərinə görə, dövlətlər doqquzillik müqavilələr və ya hətta yüzillik müqavilələr imzalamamalıdır. O əlavə edib ki, söhbət mülkiyyətdən getməlidir.

Onu da qeyd edək ki, ABŞ ilə Danimarka arasında torpaq satışı və ikitərəfli müqavilə məsələsini Donald Tramp təsadüfən gündəliyə gətirməyib.

1951-ci ildə ABŞ ilə Danimarka arasında Qrenlandiyada hərbi bazalar yaratmaq üçün geniş hüquqlar ehtiva edən müqavilə imzalanıb. Bu razılaşmada ada hökumətinin nümayəndəsi də iştirak edib.

Ştatlar Danimarkanın sonradan Virgin adlandırılan Şərqi Hindistan adalarını satın alıb. Danimarka tarixçiləri bu torpaqların satılmasını ölkəsinin maliyyə səbəbləri ilə izah edirlər.

Tramp Qrenlandiya ilə bağlı çıxışlarında Çin və Rusiyanın adlarını hallandıraraq deyib: "Mən Çin xalqını sevirəm, mən Rusiya xalqını da sevirəm. Ancaq mən onların Qrenlandiyada bizim qonşularımız olmasını istəmirəm. Bu olmayacaq. Yeri gəlmişkən, NATO bunu anlamalıdır".

O bununla bildirmək istəyir ki, Çin və Rusiya Atlantik okeanında adanın üzərində istənilən şəkildə nəzarət əldə etməklə həm də NATO-nun fəaliyyətini əngəlləmək imkanı qazanacaq. Belə düşünmək olar ki, Danimarka və NATO üzvləri onların qarşısını bütün baxımlarda almaqda acizdir. Çin və Rusiyanın adaya nəzarətinin qarşısını yalnız Ştatlar ala bilər. ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasında Avropanın təhlükəsizlik məsələlərində tənqid edilməsindən də bunu müşahidə etmək mümkündür. Bu baxımdan, Ağ Ev təhlükəsizliyini və regional maraqlarını təmin etmək məqsədilə Qrenlandiya planını yenidən gündəliyə çıxarıb.

Bu arada, qeyd etmək lazımdır ki, Donald Tramp Rusiya ilə birlikdə Şimal Buzlu Okean sərvətlərini istismar etməyi planlaşdırır. O, Arktikanın mənimsənilməsində Rusiya ilə əməkdaşlığı nəzərdən keçirir. Çünki Rusiya son on illərdə Arktikada güclənib. Bu isə ABŞ-nin maraqlarına zidd sayılır. Ona görə də ABŞ nadir torpaq metalları kimi resurslara çıxış qazanmaq və iqtisadi sövdələşmələri müzakirə etmək üçün Rusiya ilə əməkdaşlığa üstünlük verir. Qrenlandiya həm də bu məqsəd üçün ona lazımdır.

Düzdür, ABŞ-nin Arktikada Rusiya ilə əməkdaşlığı region dövlətlərinin, o cümlədən 2023-cü ilin aprelində NATO-ya üzv qəbul olunmuş Finlandiyanın maraqlarına uyğun deyil. Çünki RF bu halda Skandinaviya ölkələrini təhdid etmək üçün əlavə imkan əldə edir. Elə Danimarkanın Skandinaviya ölkələri ilə birlikdə mini NATO yaratması da bu perspektivin qarşısını almağı hədəfləyir.

ABŞ təhlükəsizliyini Avropadakı müttəfiqlərinə etibar etmir. Donald Trampın Qrenlandiyanı ilhaq etmək istəyi ümumi enerji hasilatının genişləndirilməsinə yönəlmiş siyasət də sayıla bilər. ABŞ Qrenlandiyaya nəzarəti əldə etməklə Şimali Amerika ilə Arktika arasında mümkün raket zərbələrini izləmək və bölgədəki gəmilərin hərəkətini monitorinq etmək imkanı qazanır. Ona görə də Tramp dəfələrlə deyib ki, Qrenlandiya Ştatların milli təhlükəsizliyi üçün kritik dərəcədə vacibdir. Onun iddiasına əsasən, ora tamamilə Rusiya və Çin gəmiləri ilə doludur.

Avropa ölkələri və Kanada isə Ağ Evin adaya nəzarət etmək istəyinə qarşı çıxış edərək birgə bəyanat veriblər. Kanadanın Avropa İttifaqını (Aİ) dəstəkləməsi də təsadüfi deyil. Çünki Donald Tramp bu ölkəyə ABŞ-nin 51-ci ştatı olmağı təklif etmişdi. Bu baxımdan, rəsmi Ottavanın avropalılarla Qrenlandiya məsələsində bir mövqedən çıxış etməsi ərazi bütövlüyü və suverenliyin qorunması mövqeyini müdafiə etməyin göstəricisidir.

Bəyanatda bildiriblər ki, yalnız Danimarka və Qrenlandiya öz münasibətləri haqqında qərarlar qəbul edə bilərlər. Onların Arktika bölgəsinin təhlükəsizliyində Vaşinqtondan az maraqları yoxdur: "Buna ABŞ də daxil olmaqla bütün müttəfiqlərin kollektiv səyləri ilə nail olmaq lazımdır".

Kanada və Aİ ABŞ-ni BMT Nizamnaməsinin prinsiplərinə, o cümlədən suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dair prinsiplərə riayət etməyə çağırıb.

Qrenlandiyada əsas partiyalar, o cümlədən müxalifət liderləri də birgə bəyanat yayaraq ABŞ-nin ölkələrinə qarşı laqeyd münasibətinə son qoyulmasına çağırış ediblər: "Biz amerikalı olmaq istəmirik, danimarkalı olmaq istəmirik, biz qrenlandiyalı olmaq istəyirik. Qrenlandiyanın gələcəyini qrenlandiyalılar müəyyən etməlidir".

Bu açıqlamanı isə perspektivdə adanın müstəqil olmaq istəyi ilə bağlı ismarış da saymaq olar.

Habelə, Danimarka və Qrenlandiya hökumətləri bəyan ediblər ki, bu ərazi satılmır. Kopenhagen ABŞ-ni təhdid edərək bildirib ki, Ştatların Danimarkaya qarşı hərbi əməliyyatı NATO-nun sonu olacaq.

Yuxarıda da qeyd etdiyimiz kimi, Donald Tramp hələ prezidentliyinin ilk müddətində Qrenlandiyanı birləşdirmək istəyini ifadə etmişdi. Onda bu məsələ ilə məşğul olan Danimarka diplomatı anonim söhbətində ehtimal etmişdi ki, 10-15 il ərzində Qrenlandiyada nəsə baş verəcək: "Onlar müstəqil ola bilərlər və məhz buna görə ABŞ gələcək üçün özünü sığortalayır".

ABŞ bununla adanı perspektivdə öz təsiri, nüfuzu dairəsinə salmaq niyyətini də hədəfləyir. Bu baxımdan, düşünmək olar ki, perspektivdə Qrenlandiya müstəqil olub Rusiya və Çinlə əlaqələrlə saxlayar, bu halda isə ABŞ-nin təhlükəsizliyinin təhdid edilməsinə baza olar.

Ada geostrateji əhəmiyyəti ilə yanaşı, təbii ehtiyatlarla da zəngin bölgələrdən sayılır. Son illərdə Qrenlandiyada nadir metalların, uranın və dəmirin işlənməsi imkanları fəal şəkildə müzakirə edilir. Qlobal iqlim dəyişikliyi fonunda buzların əriməsi səbəbindən onlara giriş daha rahat olur. Bundan başqa, alimlər, həmçinin hesab edirlər ki, Qrenlandiya zəngin neft və qaz ehtiyatlarına malik ola bilər.

Ada ətrafında baş verənlər ənənəvi müttəfiqləri əbədi olmayan maraqlarına görə qarşı-qarşıya qoyub. Bu, NATO daxilində ziddiyyət də sayıla bilər.

İngiltərə KİV-in yazdığına əsasən, Böyük Britaniya hökuməti Qrenlandiyanın təhlükəsizliyini gücləndirmək və onun ABŞ tərəfindən ilhaqının qarşısını almaq üçün başqa Avropa ölkələri ilə birlikdə adaya qoşun göndərmək imkanlarını müzakirə edir.

Bildirilib ki, Birləşmiş Krallığın hərbi komandanlığı adada NATO missiyasının yaradılması planlarını hazırlayır. Bundan başqa, iddia olunub ki, Avropa ölkələri Qrenlandiyada NATO-nun artan hərbi iştirakının ABŞ Prezidenti Donald Trampı adanı ilhaq etmək planlarından imtinaya inandıracağına ümid bəsləyirlər. Belə bir şərait Ştatların maraqlarına uyğun gələr. Çünki Böyük Britaniya və Avropa İttifaqı birlikdə Atlantik okeanının bu hissəsində təhlükəsizliyin təmin edilməsi xərclərini öz üzərinə götürəcək.

KİV-in məlumatına əsasən, Donald Tramp Qrenlandiyaya müdaxilə planının hazırlanmasına dair əmr verib. Bu planın nə dərəcədə reallaşacağı hələ ki müəmmalıdır. Ağ Evin belə addımı Qərb blokunda, o cümlədən NATO-da parçalanmaya səbəb ola bilər.

Ehtimal etmək olar ki, onda ABŞ qlobal miqyasda artan tələblərini reallaşdırmaq məqsədilə yeni tərəfdaşlar, müttəfiqlər formalaşdıracaq. Belə bir addımın gerçəkləşdirilməsi vaxt və maliyyə itkisi bahasına başa gələr. Çünki Böyük Britaniya və Avropa İttifaqı nəhənglərini Çin və RF əvəzləyə bilər. Belə müttəfiqlik isə ABŞ-nin baxışlarını, maraqlarını hələ ki heç bir halda təmin etmir.

Bu baxımdan, Qrenlandiya uğurunda ABŞ təkcə Danimarka və Qrenlandiya ilə müharibə etməyəcək. Mümkün müharibəni o, müttəfiqlərinə qarşı aparacaq.

Onu da qeyd edək ki, ABŞ ilə Avropa arasında bu, ilk ziddiyyət deyil. Fransa daxil olmaqla Avropa İttifaqının bir sıra üzvləri və Böyük Britaniya Fələstinin müstəqilliyini tanımaqla Ştatlarla maraqlarının toqquşduğunu isbatladı. Avropalılar bununla Yaxın Şərqdə mövqelərinin müstəqilliyini ortaya qoymuş oldu.

Bu mənada, hesab etmək olar ki, Qrenlandiya yüzillik müttəfiqləri yenidən üz-üzə qoya bilər. Belə ehtimal etmək olar ki, Avropa ilə ABŞ bu ada uğurunda müharibə etməsə də, tərəflər arasında diplomatik gərginlik artacaq. Ona görə demokratiyaya hörmət olarsa, məsələnin referendum yolu ilə həlli də mümkündür. Oxşar hadisələr 2013-cü ildə Folklend adasında, 2020-ci ildə Cəbəllütariqdə baş verib. Britaniyanın həmin ərazilərində keçirilmiş referendumlar London-Buenos-Ayres və London-Madrid qarşıdurmasını aradan qaldırıb.

Növbədə Qrenlandiyanın taleyidir. Bu baxımdan, Vaşinqton-Kopenhagen qarşıdurmasının iki açarı var: referendum və hərb. Biri Qərbin bütövlüyünü qoruyar, o biri isə onları yeni düşmən edər.

Xəbər lenti