Gürcüstanın keçmiş baş nazir İrakli Qaribaşvili məhkəmə iclasında ona qarşı irəli sürülən ittihamları etiraf edib və təqsirin etirafı barədə razılaşma məhkəmə tərəfindən təsdiqləndikdən sonra o, 5 il müddətinə azadlıqdan məhrum olunmaqla məhkəmə zalında həbs edilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə onun vəkili Mixeil Şakulaşvili bildirib.
Onun sözlərinə görə, Qaribaşviliyə əlavə olaraq 1 milyon lari (təxminən 371 min dollar - red.) cərimə tətbiq olunub.
Vəkil qeyd edib ki, keçmiş baş nazirin evindən fləş-disklər və digər oxşar əşyalar götürülüb, eləcə də dövlət büdcəsinin xeyrinə 6,5 milyon dollar müsadirə edilib. Vəkilin sözlərinə görə, bu məbləğ heç kimə ödənməyib və gələcəkdə Qaribaşvili heç kimə qarşı ifadə vermək niyyətində deyil.
"Hazırda o, Rustaviyə və ya onu hara aparsalar, həbsxanaya gedir. Əvvəlcə cinayəti etiraf edib, həbs olunub, cərimə olunub və avtomobilləri müsadirə edilib. Eyni zamanda, sözdə çirkli pulların yuyulması ittihamı da irəli sürülüb", - deyə Şakulaşvili deyib.
Vəkil əlavə edib ki, Qaribaşvili şərab zavodundan məhrum edilməyəcək. Onun sözlərinə görə, müəssisələr fəaliyyət göstərdikdə aylıq və illik vergi sənədlərini doldurmalıdır və bunların edilməməsi qanunsuz gəlirlərin leqallaşdırılması hesab olunur.
İrakli Qaribaşvili hazırda istintaqla əməkdaşlıq etsə də, gələcəkdə digər şəxslər haqqında ifadə vermək niyyətində olmadığını vurğulayıb.
16:21
Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili barəsində 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər, eyni zamanda, ona 1 milyon lari məbləğində cərimə təyin edilib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.
Məlumata görə, prokurorluq ilə təqsirləndirilən İrakli Qaribaşvili arasında prosessual razılaşma əldə olunub. Razılaşmaya əsasən, Qaribaşvili Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsi ilə nəzərdə tutulan cinayətdə təqsirli bilinib və ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər.
Bundan əlavə, sabiq baş nazirə 1 milyon lari məbləğində cərimə tətbiq edilib. Eyni zamanda, cinayət fəaliyyəti nəticəsində əldə edildiyi iddia olunan və yaşayış evində aparılan axtarış zamanı müsadirə edilən pul vəsaitlərinin dövlətin xeyrinə müsadirə ediləcəyi bildirilib.
Prokurorluğun açıqlamasında qeyd olunur ki, İrakli Qaribaşvili törətdiyi əməli etiraf edib və prosessual razılaşmanın şərtləri ilə razılaşıb. Prokurorluğun təqdimatı əsasında məhkəmə bu razılaşmanı artıq təsdiqləyib.
Xatırladaq ki, Tbilisi Şəhər Məhkəməsi 2025-ci il oktyabrın 24-də bu iş üzrə Qaribaşvili barəsində qabaqlayıcı tədbir kimi 1 milyon lari girov müəyyən etmişdi.
16:09
Gürcüstanın sabiq baş naziri İrakli Qaribaşvili qanunsuz gəlirləri leqallaşdırdığını etiraf edib.
"Report"un Gürcüstan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin prokurorluğu məlumat yayıb.
Sabiq baş nazirə qarşı ittihamlar sübuta yetirilərsə, o, beş il müddətinə azadlıqdan məhrum edilə bilər.
"Gürcüstan prokurorluğu İrakli Qaribaşvili ilə günahını etiraf etməsi barədə razılaşma imzalayıb. Bu razılaşmaya əsasən, sabiq baş naziri Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş cinayət əməlinə görə 5 il azadlıqdan məhrumetmə cəzası gözləyir", - məlumatda qeyd olunub.
Qaribaşvili, həmçinin 1 milyon lari məbləğində cərimə edilib. Bundan əlavə, o, qanunsuz yolla əldə etdiyi pulları, eləcə də evində axtarış zamanı götürülən pulları dövlətə təhvil verməli olacaq.