"Araz-Naxçıvan" klubunun rəhbərliyi, məşqçi heyəti və futbolçuları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində yaşayan uşaqlarla görüşüblər.
"Report" xəbər verir ki, yeni ilin ilk günlərində təşkil edilən görüş uşaqların sosial inkişafına dəstək vermək, onlara idmanın, o cümlədən futbolun faydalarını, sağlam həyat tərzinin əhəmiyyətini anlatmaq və onlarda idmana marağı artırmaq məqsədi daşıyıb.
Görüş zamanı uşaqlar qonaqlar üçün hazırladıqları musiqi nömrələrini və müxtəlif rəqsləri nümayiş etdiriblər. Daha sonra futbolçular uşaqlarla əyləncəli oyunlar oynayıb, onları maraqlandıran sualları cavablandırıblar. Sonda uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Uşaq evinin sakini Qənirə Zeynalova "Araz-Naxçıvan"ın 16 yaşadək qızlardan ibarət komandasının heyətində çıxış edir.





