IMG-LOGO

Gəncədə "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda tədbir keçirilib - YENİLƏNİB

16 Jan 2024 18:17 162 baxış
IMG

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə növbədənkənar prezident seçkiləri ilə əlaqədar Gəncədə “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti “dəyirmi masa” keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə açan Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı müşahidəçilik institutunun əhəmiyyəti, Ombudsmanın və təsisatın bu prosesdəki rolu barədə danışıb.

O, Ombudsman təsisatı tərəfindən MSK ilə birgə paytaxt və regionlarda keçirilən maarifləndirmə tədbirlərinin məhz seçkiyə hazırlıq məqsədilə təşkil olunduğunu, seçki hüquqlarının və prosedurların daha aydın izah olunması məqsədi daşıdığını vurğulayıb.

A.Səfixanlı, həmçinin Ombudsman təsisatının əməkdaşlarının bir qisminin seçkilərdə müstəqil olaraq müşahidəçi kimi iştirak edəcəyini diqqətə çatdırıb.

Daha sonra Mərkəzi Seçki Komissiyasının üzvü Hüseyn Paşayev MSK tərəfindən növbədənkənar prezident seçkiləri ərəfəsində görülən işlər haqqında məlumat verib, maarifləndirmə tədbirlərinin davam etdirildiyini bildirib.

Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, Ombudsman Aparatı ilə Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkiləri ilə əlaqədar ilk birgə maarifləndirmə tədbiri Müvəkkilin, MSK sədrinin və dairə seçki komissiyalarının nümayəndələrinin iştirakı ilə Bakıda keçirilib.

13:04

Gəncə şəhərində "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda "dəyirmi masa" keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, dairə və məntəqə seçki komissiyalarının sədrləri və digər şəxslər iştirak edirlər.

"Dəyirmi masa"da, vətəndaşların seçki hüququnun təmini, növbədənkənar prezident seçkiləri ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunur, müşahidəçilik institutunun əhəmiyyəti və Ombudsmanın bu prosesdə rolundan danışılır.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti