IMG-LOGO

"Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri start götürüb

08 Jan 2026 09:45 4 baxış
IMG

Azərbaycan Qış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Xizək və Snoubord Federasiyasının təqviminə əsasən "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri start götürüb.

"Report"un Şimal bürosunun məlumatına görə, tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev iştirak ediblər.

Turnirdə Azərbaycan, İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Hon-Konq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan müxtəlif yaş kateqoriyasında olan 20 qadın idmançı iştirak edir. Yarışda ölkəmizi Anastasiya Papatoma təmsil edir.

Qeyd edək ki, turnir yanvarın 10-na qədər davam edəcək. İdmançılar bu gün dağ xizəyinin slalom növündə yarışırlar. Növbəti günlərdə isə slalom və qiqant slalom növlərində mübarizə baş tutacaq.

Məlumat üçün bildirək ki, ötən ilin mayında Beynəlxalq Xizək və Snoubord Federasiyası ilə Dövlət Turizm Agentliyi arasında qış turizmi və qış idman növlərinin inkişafı, eləcə də Azərbaycanın qış idman növləri üzrə nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi məqsədilə 5 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanıb.

Müqavilə çərçivəsində qış turizmi infrastrukturunun təkmilləşdirilməsi, Azərbaycanın xarici turistlər üçün cəlbedici qış turizm destinasiyasına çevrilməsi və "Şahdağ" Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının təşkili üzrə birgə əməkdaşlıq nəzərdə tutulur.

Əməkdaşlığın əsas məqsədi Azərbaycanın qış idman növləri üzrə dünya səviyyəli yarışların keçirildiyi destinasiya kimi tanıdılması və ölkənin turizm brendinin beynəlxalq arenada genişmiqyaslı tanıtımının təmin edilməsidir. Müqaviləyə əsasən, Azərbaycan 5 il müddətinə Beynəlxalq Xizək və Snoubord Federasiyası tərəfindən təşkil olunan qlobal yarışlarda "Qlobal Destinasiya Tərəfdaşı" qismində çıxış edəcək.

Xatıraladaq ki, tərəfdaşlıq müqaviləsinə əsasən, cari ilin 14-15 mart tarixlərində Azərbaycan ilk dəfə moqul üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcək.

Xəbər lenti