İspaniya Superkubokunun finalında "Barselona"ya 4:1 hesabı ilə qalib gələn "Real Madrid"in hər bir futbolçusu 150 min avro alacaq.
“Report” xəbər verir ki, bu barədə "Football Espana" məlumat yayıb.
Məlumata görə, “Real Madrid”in prezidenti Florentino Peres komanda və məşqçilər heyətini mükafatlandırmaq üçün 4 milyon avro ayırıb.
Qeyd edək ki, İspaniya Superkubokunun final oyununda “Real Madrid” “Barselona”ya qalib gəlib. Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) “Əl-Əvval Park” stadionunda baş tutan qarşılaşma “Real Madrid”in 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçı Xuan Martinez Munueranın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. “Real Madrid”in matçdakı üç qolunu braziliyalı Vinisius Junior vurub. O, 32 dəqiqə ərzində het-trik edib. “Barselona” bu qollardan yalnız birinin əvəzini çıxa bilib – 33-cü dəqiqədə Levandovski fərqlənib.
Qarşılaşmanın 64-cü dəqiqəsində Rodriqo “Real”ın 4-cü qolunu vurub: 4:1.
Beləliklə, “kral klubu” tarixində 13-cü dəfə İspaniya Superkubokunun sahibi olub.
Daha əvvəl İspaniya Superkubokunun yarımfinalında "Real Madrid" "Atletiko Madrid"i 5:3 hesabı ilə məğlub edib. Qalibi müəyyən etmək üçün əlavə vaxt lazım olub.
Matçın əsas vaxtı heç-heçə başa çatıb - 3:3. "Barselona" isə bundan əvvəl "Osasuna"nı əsas vaxtda 2:0 hesabı ilə inamlı məğlub etmişdi.
2023-cü ildə İspaniya Superkubokunun finalında "Barselona" "Real Madrid"i 3:1 hesabı ilə məğlub edib.
Bizim Telegram kanalımıza abunə olun