IMG-LOGO

Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsinə "yaşıl işıq" yandırıb

08 Jan 2026 04:41 7 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Konqresin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi üçün qanun layihəsini qəbul etməsini dəstəkləyib.

"Report"un məlumatına görə, bu barədə ABŞ senatoru Lindsi Qrem (Cənubi Karolina ştatından respublikaçı) sosial mediada yazıb.

"Bu gün Prezident Trampla bir sıra məsələlər üzrə olduqca məhsuldar görüşdən sonra o, aylardır senator (Riçard) Blumental (Konnektikut ştatından demokrat) və bir çox başqaları ilə üzərində işlədiyim Rusiyaya qarşı ikipartiyalı sanksiyalar qanun layihəsinə "yaşıl işıq" yandırdı", - siyasətçi qeyd edib.

O vurğulayıb ki, Ukrayna sülh naminə güzəştlərə gedir, Rusiya Prezidenti Vladimir Putin isə ancaq günahsız insanları öldürməyə davam edərək danışır.

"Bu qanun layihəsi Prezident Trampa ucuz Rusiya nefti alan ölkələri cəzalandırmağa imkan verəcək. Bu qanun layihəsi Prezident Trampa Çin, Hindistan və Braziliya kimi ölkələr üzərində böyük təsir gücü verəcək", - Qrem vurğulayıb.

Senator əlavə edib ki, qanun layihəsi üzrə ikipartiyalı səsvermə gələn həftənin əvvəlində keçiriləcək.

Xəbər lenti