Rusiya İstintaq orqanları Azərbaycan Respublikası vətəndaşı olan 38 yaşlı qadın barəsində cinayət işi açıb. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213 (Xuliqanlıq) və 150-ci maddəsi (Yetkinlik yaşına çatmayan şəxsin ağır cinayət törətməsinə cəlb edilməsi) maddələrilə ittiham olunur.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, söhbət Nijni Tagildə məktəbin yaxınlığında sinif yoldaşları olan yetim qızı döyməkdə şübhəli bilinən iki yeniyetmənin anasından gedir. KİV-in məlumatına görə, qadın bütün bunları videoya çəkib.
İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti bildirib ki, araşdırmalara əsasən, 2023-cü il dekabrın 29-da qadın əli ilə qızın başına zərbələr endirib.
“Cinayət işinin materiallarına görə, 11 yaşlı qızın döyülməsində qadının iki azyaşlı oğlu da iştirak edib. Qadın bu zaman uşaqlarına mane olmayıb və öz fəal hərəkətləri ilə başqalarının zorakılığa son qoymaq cəhdlərinin də qarşısını alıb”, - idarədən bildirilib.
Müstəntiqlərin fikrincə, qardaşlarla sinif yoldaşları olan qız arasında münaqişə əvvəlcədən məktəb ərazisində yaranıb. Hazırda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi üzrə istintaq aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Nijni Tagildə azərbaycanlı azyaşlı şagirdlərin yetim qızı döyməsi və analarının da hadisəni videoya çəkməsi barədə xəbər vermişdik.