Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən və zədəsi yeni sağalan Azərbaycan millisinin futbolçusu Mahir Emreli əlavə testlərdən keçəcək.
"Report"un məlumatına görə, hazırda fərdi məşqlər edən 28 yaşlı hücumçunun 2-3 həftə sonra meydana çıxa biləcəyi gözlənilir.
M.Emreli ötən ilin noyabrında "Herta" ilə keçirilən oyunda zədələnib. O, mövsümün ilk yarısında II Bundesliqada cəmi 4 matçda meydanda olub. Forvardın adı həmçinin bir neçə qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Mahir Emrelinin "Kayzerslautern"lə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.