Dağıstanda Xasavyurt sakini tanışı ilə birlikdə ərinin qətlini təşkil edib, şübhəli qadın paltarında yoxa çıxıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, ötən il dekabrın 25-də Xasavyurt şəhərinin Yujnaya küçəsindəki çoxmərtəbəli binanın mənzilində zorakılıq nəticəsində ölüm izləri olan 37 yaşlı yerli sakinin meyiti tapılıb. “Zərərçəkənin 32 yaşlı arvadı cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb”, - Dağıstan Respublikası üzrə İstintaq İdarəsi bildirib.
Araşdırma zamanı qadının təkbaşına hərəkət etmədiyi məlum olub. 20 yaşlı tanışı onunla əlbir olub. O da saxlanılaraq nəzarətə götürülüb. Cinayəti törədənlər bir qrup şəxs tərəfindən qəsdən ölümə səbəb olmaqda ittiham olunurlar.
Faktla bağlı cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir.
Digər xəbərə görə, təqsirləndirilən şəxs cinayətdən sonra evdən qadın geyimində çıxıb.