IMG-LOGO

"Neftçi"nin legioneri: "Keyfiyyətimizi göstərsək, "Qarabağ"la döyüşməyi bacararıq" - MÜSAHİBƏ

11.01.2024 12:17 63 baxış
IMG

Hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Neftçi"nin futbolçusu Ervin Koffi "Report"un suallarını cavablandırıb.

28 yaşlı fransalı müdafiəçi sözügedən ölkədə yaradılmış şəraitdən, komandada baş məşqçi dəyişikliyindən və hədəflərdən söz açıb.

- Mövsümün ikinci yarısı üçün hazırlıq prosesi necə keçir?

- Buradakı təlim-məşq düşərgəsi inanılmazdır. Meydan, idman zalı, yemək, bir sözlə, hər şey çox yaxşıdır.

- Komandadakı baş məşqçi dəyişikliyi barədə nə deyə bilərsiniz?

- Bu, heç vaxt asan deyil. Amma nəzərə almalıyıq ki, bunlar futbolun ayrılmaz hissəsidir. Biz isə öz işimizə davam etməliyik

- Miodraq Bojoviçin rəhbərliyi altında qısa müddətə də olsa, məşq etmisiniz. Təəssüratlarınız necədir?

- O, yaxşı mütəxəssisdir. Futbolçulara inandığını söyləyib. Sakitdir və bəzən zarafat da edir. Bu isə mənim xoşuma gəlir.

- Sizcə, hazırkı heyət cari mövsümdə uğur qazanmaq üçün yetərlidir?

- Əlbəttə. Bunu bacara biləcək kollektivimiz var. Amma asan olmayacaq. "Neftçi" böyük klubdur və biz bunu göstərməliyik.

- Hansısa mövqelərin güclənməli olduğunu düşünürsünüz?

- Mən bu barədə bilmirəm.

- Cari mövsümdə hansı uğur əldə oluna bilər?

- Hələlik bilmirəm. Amma dediyim kimi, komandamız kuboklar uğrunda mübarizə aparmalıdır və daha çox çalışmalıyıq.

- "Neftçi" ölkənin ən köklü klubu olsa da, uzun müddətdir ki, "Qarabağ"dan geri qalır. Bunun səbəbi rəqibin güclü olmasıdır, yoxsa flaqman istədiyi səviyyəyə çatmır?

- Mənim üçün həmişə 11 nəfər eyni sayda rəqibə qarşı meydana çıxır. Bizim də yaxşı komandamız var. Ürəklə oynasaq, keyfiyyətimizi göstərsək, "Qarabağ"la döyüşməyi bacararıq.

- Mövsümün ikinci yarısında ilk rəsmi oyununuzu XIX turda “Sabah”a qarşı keçirəcəksiniz. Bu matçda qazanılacaq qələbə komandada inamı artıra bilər?

- ⁠Əlbəttə, vacib oyun olacaq. Bütün qələbər özünəinam verir. "Sabah"ı məğlub etmək və yaxşı mövqedə qalmaq üçün çalışacağıq.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti