IMG-LOGO

Səssiz islahatlar ili: Azərbaycan maliyyə sektoru yeni mərhələdə - İCMAL

02 Jan 2026 13:01 4 baxış
IMG

2025-ci il Azərbaycan maliyyə sektoru üçün nə itirilmiş il oldu, nə də sıçrayış ili. Daha çox, sabitliyin içində sakit yenilənmə, institusional süzgəcdən keçmə və bazarın "öz-özünü tənzimləmə" mərhələsi kimi yadda qaldı. Makroiqtisadi risklərin nəzarətdə saxlanıldığı, monetar siyasətin proqnozlaşdırıla bildiyi bir şəraitdə maliyyə sektorunun bütün seqmentlərində müəyyən irəliləyişlər müşahidə olundu. Lakin bu inkişaf ekstensiv deyil, selektiv xarakter daşıdı: bazar genişlənmədi, əksinə, daha kompakt və strukturlaşmış formaya doğru hərəkət etdi.

Bu tendensiya ilk növbədə bazar iştirakçılarının say dinamikasında özünü göstərdi.

Kredit təşkilatlarının sayı azaldı, keyfiyyət ön plana çıxdı

2025-ci ildə Azərbaycanda kredit təşkilatlarının ümumi sayı 115-dən 111-ə endi. Bank sektorunda kəmiyyət dəyişməz qalsa da - bankların sayı 22 olaraq qaldı – bank olmayan kredit təşkilatları (BOKT) üzrə "təmizlənmə" prosesi davam etdi. İl ərzində BOKT-lərin sayı 57-dən 54-ə düşdü.

Azərbaycan Mərkəzi Bankı (AMB) "Premier Kredit", "TBC Kredit", "İcraçı Kredit Agentliyi" MMC-lərin, eləcə də "Finoko" ASC-nin lisenziyalarını ləğv etdi. Eyni zamanda bazara yeni oyunçunun – "For Finance" MMC-nin daxil olmasına icazə verildi. 2025-ci ildə yaradılan "Fintechcredit" və "Aventus Azerbaijan" MMC-lərin lisenziyalaşdırılması isə artıq 2026-cı ilin gündəminə keçdi. Bu da AMB-nin ehtiyatlı və mərhələli yanaşmasının davam etdiyini göstərir.

Kredit ittifaqları seqmentində də oxşar tendensiya müşahidə olundu: onların sayı 36-dan 35-ə düşdü. "İnci Kredo Kredit İttifaqı" MMC-nin lisenziyasının ləğvi bu bazarın da daha sərt tənzimləmə mərhələsinə daxil olduğunu göstərdi.

Sığorta sabit qaldı, investisiya bazarı isə canlandı

Hesabat dövründə sığorta və təkrarsığorta şirkətlərinin birgə sayı dəyişməyərək 17 səviyyəsində qaldı. İnvestisiya şirkətləri və investisiya fondlarının idarəçilərinin sayı da 14 olaraq sabitləşdi. Lakin kəmiyyət sabitliyi keyfiyyət dəyişikliklərini kölgədə qoymadı.

AMB-nin "Atasığorta" ASC-nin satışına məhdudiyyət tətbiq etməsi sığorta bazarında korporativ idarəetmə və maliyyə dayanıqlığı məsələlərinin hələ də həssas olduğunu göstərdi. Digər tərəfdən, ilk dəfə olaraq bank sektorunun investisiya bazarına birbaşa çıxışı təmin edildi: "Xalq Bank" ASC investisiya xidmətləri göstərmək üçün lisenziya aldı və eyni zamanda "Bakı Fond Birjası" QSC-nin üzvü oldu. Bu addım bank sektorunun funksional imkanlarının genişləndirilməsi baxımından simvolik əhəmiyyət daşıyır.

Bakı Fond Birjası üçün də 2025-ci il institusional tanınma ili oldu. Birja Dünya Birjalar Federasiyasının tamhüquqlu üzvü seçildi. Texniki baxımdan isə istiqraz ticarətində ilk dəfə "təmiz qiymət" prinsipinin tətbiqi bazarın beynəlxalq standartlara uyğunlaşmasının daha bir mərhələsi kimi qiymətləndirilə bilər.

İstiqraz bazarı: beynəlxalq institutlardan dövlət şirkətlərinə qədər

2025-ci ildə qiymətli kağızlar bazarında diqqətçəkən əsas proseslərdən biri beynəlxalq və dövlət mənşəli emitentlərin fəallaşması oldu. Beynəlxalq təşkilatların qiymətli kağız buraxılışı ilə bağlı prosedurların sadələşdirilməsi fonunda Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilk dəfə Azərbaycan manatında istiqraz emissiyası həyata keçirdi.

Ümumi dəyəri 50 milyon manat olan istiqrazlar bazar tərəfindən uğurla qarşılandı. Daha önəmlisi isə odur ki, bu istiqrazların gəlirliliyi ilk dəfə AMB tərəfindən hesablanan AZİR indeksinə indeksləşdirildi. Hazırda təxminən 7% səviyyəsində olan bu göstərici manatla uzunmüddətli borclanma üçün yeni "referens"mexanizmin formalaşdığını göstərir. Paralel olaraq EBRD-nin Azərbaycanla əməkdaşlıq üzrə yeni, beşillik strategiyanı təsdiqləməsi bu emissiyanı həm maliyyə, həm də institusional hadisəyə çevirdi.

Dövlət şirkətləri də fond bazarında daha görünən oldu. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ildə COP29 çərçivəsində elan etdiyi "yaşıl istiqraz" emissiyasını 2025-ci ildə reallaşdırdı. Şirkət illik 6 % gəlirliliklə 200 milyon ABŞ dolları həcmində istiqraz dövriyyəyə buraxdı. Bu addım həm SOCAR-ın ESG gündəliyinin, həm də Azərbaycanın "yaşıl maliyyə" ambisiyalarının praktik ifadəsi oldu.

"Azərbaycan Dəmir Yolları" QSC isə istiqraz bazarında ilk addımını atdı. ADY-nin illik 7 % gəlirliliklə buraxdığı 30 milyon ABŞ dolları dəyərində istiqraz bazarın dövlət infrastrukturu layihələrinə marağının artdığını göstərdi.

Dövlət zəmanəti və maliyyə infrastrukturunda xırda, amma vacib addımlar

İlin daha bir yeniliyi dövlət zəmanəti ilə istiqraz buraxılışı mexanizminin praktik tətbiqi oldu. "Azərmaş Group" MMC-nin 10 milyon manatlıq, illik 13 % gəlirliliyə malik istiqrazlarına İpoteka və Kredit Zəmanət Fondunun təminat verməsi korporativ borclanma bazarı üçün yeni risk paylaşımı modelinin sınağı kimi qiymətləndirilə bilər.

Bu arada, maliyyə infrastrukturunda da "kiçik", lakin sistemli addımlar atıldı. Milli Depozit Mərkəzində xidmət haqlarının "ASAN Pay" üzərindən ödənilməsi imkanı yaradıldı, "Elektron müraciət sistemi" istifadəyə verildi. Bu yeniliklər bazarın texniki rahatlığını artırmaqla yanaşı, əməliyyat şəffaflığını da gücləndirdi.

Ödəniş və valyuta bazarında genişlənmə: rəqəmsal sürət artır

Əgər kredit və sığorta seqmentlərində 2025-ci il daha çox konsolidasiya və seçicilik ili kimi yadda qaldısa, ödəniş və valyuta bazarında əks proses – genişlənmə müşahidə olundu. Rəqəmsal maliyyə xidmətlərinə artan tələbat bu seqmenti sektorun ən dinamik sahələrindən birinə çevirdi.

Hesabat dövründə ödəniş bazarı iştirakçılarının sayı 22-dən 27-yə yüksəldi. Azərbaycan Mərkəzi Bankı "Tiko Azərbaycan", "Baku Pay", "Algoritma", "Guavapay" və "Azvvallet" MMC-lərə elektron pul təşkilatı kimi fəaliyyət göstərmək üçün lisenziya verdi. "MilliKart" MMC ödəniş sistemi operatoru statusu aldı. Bununla yanaşı, bazar intizamı da diqqətdən kənarda qalmadı: "Kabox" MMC-nin ödəniş təşkilatı kimi fəaliyyəti üçün verilmiş lisenziya ləğv edildi, "Modenis" və "Azərikard" MMC-lərin lisenziyaları isə məhdudlaşdırıldı.

Bu addımlar göstərir ki, AMB ödəniş bazarını sadəcə genişləndirmir, eyni zamanda onu texnoloji dayanıqlıq, risklərin idarə olunması və istehlakçıların müdafiəsi baxımından daha ciddi çərçivəyə salır.

Valyuta bazarında da iştirakçı sayı artdı - 6-dan 7-yə yüksəldi. "MMK-014" MMC-yə valyuta mübadiləsi fəaliyyəti üçün lisenziya verildi. Maraqlıdır ki, 2024-cü ildə yaradılmış "Nas Exchange" MMC valyuta bazarına daxil olmaqdan könüllü şəkildə imtina etdi. Bu fakt bazarın artıq yalnız niyyət deyil, real kapital və əməliyyat potensialı tələb etdiyini göstərir.

İl ərzində valyuta bazarının institusional çərçivəsi də gücləndirildi. Ölkədə valyuta əməliyyatlarının vahid informasiya sistemi yaradıldı və ölkədən kənara valyuta köçürülmələri ilə bağlı məlumatların bu sistemə inteqrasiyasına başlanıldı. Bu, həm nəzarət imkanlarını genişləndirir, həm də kapital axınları üzrə şəffaflığı artırır.

Valyuta ehtiyatları: təhlükəsizlik yastığı daha da qalınlaşdı

2025-ci il Azərbaycanın makromaliyyə mövqeyinin daha da möhkəmləndiyi il kimi də xarakterizə oluna bilər. İl ərzində ölkənin valyuta ehtiyatları təxminən 13 milyard ABŞ dolları artaraq 84 milyard ABŞ dollarına yaxınlaşdı. Nəticədə Azərbaycanın "təhlükəsizlik yastığı" xarici dövlət borcunu təxminən 17 dəfə üstələdi.

Artım həm Mərkəzi Bankının valyuta ehtiyatlarında, həm də Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) aktivlərində qeydə alındı. Bu isə ehtiyatların yalnız həcminin deyil, mənbələrinin də balanslı şəkildə formalaşdığını göstərir.

SOFAZ 2025-ci ildə investisiya coğrafiyasını və sektor şaxələndirməsini davam etdirdi. Fond İtaliyanın yüksək sürətli dəmir yolu operatoru Italo – Nuovo Trasporto Viaggiatori S.p.A., Birləşmiş Ərəb Əmirliklərində ADNOC-un qaz boru kəmərləri infrastrukturuna, eləcə də Böyük Britaniyada Londonun Qatvik hava limanına investisiya yatırdı. Bu layihələr uzunmüddətli, proqnozlaşdırıla bilən gəlir axınları ilə seçilən real aktivlər portfelinin genişləndirilməsinə xidmət edir.

AMB isə valyuta ehtiyatlarının diversifikasiyası strategiyası çərçivəsində Beynəlxalq Hesablaşmalar Bankının (BIS) yaratdığı, ABŞ dollarında denominasiya olunmuş Yaşıl İstiqraz Fonduna yatırım etdi. Bu addım ESG yanaşmasının mərkəzi bank səviyyəsində institusional təsdiqi kimi dəyərləndirilə bilər.

Reytinq mərhələsi: investisiya səviyyəsi artıq standartdır

İlin yekununa yaxın Azərbaycanın maliyyə reputasiyası beynəlxalq səviyyədə daha bir rəsmi təsdiq aldı. "Moody"s" beynəlxalq reytinq agentliyi ölkənin suveren kredit reytinqini investisiya səviyyəsinə yüksəltdi. Bir il əvvəl analoji addımı "Fitch" atmışdı. Beləliklə, Azərbaycan qlobal reytinq xəritəsində artıq iki aparıcı agentlik üzrə investisiya dərəcəli ölkə statusunu möhkəmləndirdi.

Bunun fonunda Maliyyə Nazirliyi rasional seçim edərək, beynəlxalq kapital bazarlarına çıxış və borclanma prosedurlarının tənzimlənməsi üçün iki investisiya dərəcəli reytinqin kifayət etdiyini əsas götürdü və "S&P" ilə əməkdaşlığı müqavilə öhdəliklərindən kənar formatda davam etdirməyə qərar verdi. Bu addım maliyyə siyasətində daha praqmatik və xərc-effektiv yanaşmanın göstəricisi kimi qiymətləndirilə bilər.

Maliyyə idarəçiliyində nəsil dəyişikliyi

2025-ci il maliyyə sektoru üçün həm bazar mexanizmləri baxımından, həm də idarəetmə fəlsəfəsi baxımından dönüş ili oldu. Demək olar ki, iki onillik – 19 il ərzində Maliyyə Nazirliyinə rəhbərlik etmiş Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin olundu. Onu indiyədək əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışmış Sahil Babayev əvəz etdi.

Yeni nazirin ilk addımları göstərdi ki, dəyişikliklər simvolik yox, institusional xarakter daşıyacaq. Nazirlik sistemində struktur islahatları aparıldı: rayon və şəhər maliyyə idarə və şöbələri ləğv edildi, onların yerində regional maliyyə idarələri yaradıldı. Bu addım maliyyə nəzarətinin mərkəzləşdirilməsi və resursların daha çevik idarə olunması məqsədi daşıyırdı. Nazirliyin tabeliyində fəaliyyət göstərən "Məlumat Hesablama Mərkəzi" MMC-nin "Rəqəmsal Maliyyə Mərkəzi"nə çevrilməsi isə dövlət maliyyəsinin rəqəmsallaşmasına verilən prioritetin açıq göstəricisi oldu.

Sahil Babayevin ən diqqətçəkən yeniliklərindən biri dövlət büdcəsi vəsaitlərinin idarə olunmasında passiv saxlanma modelindən aktiv gəlir modelinə keçid oldu. İlk dəfə olaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığı yerli banklarda depozitə yerləşdirilməyə başladı. Bu məqsədlə Maliyyə Nazirliyi depozit hərracları mexanizmini işə saldı.

Təkcə aprel-oktyabr aylarında keçirilmiş 22 depozit hərracında 10,4 milyard manat vəsait depozitə yerləşdirildi. Bunun müqabilində 76,9 milyon manat faiz gəliri hesablandı, artıq müddəti çatan 66,6 milyon manat isə dövlət büdcəsinə köçürüldü. Beləliklə, büdcə vəsaitləri ilk dəfə sistemli şəkildə əlavə fiskal gəlir mənbəyinə çevrildi.

Eyni dövrdə Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradıldı, "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu və "Dövlət rüsumlarının elektron idarə edilməsi" (e-rüsum) informasiya sistemi fəaliyyətə başladı. Bu institutlar dövlət xərclərinin şəffaflığı və nəticəyönümlü idarə olunması baxımından yeni alətlər formalaşdırdı.

AMB-də struktur genişlənməsi və tənzimləmənin dərinləşməsi

2025-ci il Azərbaycan Mərkəzi Bankı üçün də həm struktur, həm funksional baxımdan yüklü il oldu. İl ərzində AMB-də rəhbər heyət genişləndirildi: baş direktorların sayı 4-dən 9-a çatdırıldı. Yeni baş direktor vəzifələrinə Fuad İsayev, Vüsal Qurbanov, Anar Mansurov, Elrad Seydiyev və Tərlan Rəsulov təyin olundu. AMB sədri Taleh Kazımovun müşavirlərinin sayı isə 3-dən 6-ya yüksəldi; Ülvin Əliyev, Bəhruz Balayev və Namiq Nağdəliyev bu siyahıya daxil edildi.

Monetar siyasət baxımından da il aktiv keçdi. AMB uçot dərəcəsini 7,25 %-dən 6,75 %-ə endirdi, faiz dəhlizinin yuxarı həddini 8,25 %-dən 7,75 %-ə, aşağı həddini isə 6,25 %-dən 5,75 %-ə saldı. AZİR indeksi yeni metodologiya ilə hesablanmağa başladı, "İnteraktiv statistik məlumat bazası" istifadəyə verildi, yoxlama prosesləri avtomatlaşdırıldı.

Bununla yanaşı, Milli Kredit Reytinq Mexanizmi formalaşdırıldı, maliyyə bazarında ilk dəfə "Açıq bankçılıq" funksionallığının tətbiqinə start verildi. Yerli banklara kapital üzərində 0,5 %-lik əlavə kontr-tsiklik kapital buferi müəyyən edildi. İl ərzində bank, ödəniş, investisiya və sığorta sektorlarını əhatə edən çoxsaylı prudensial qaydalar qəbul edildi və ya yeniləndi. Bu dəyişikliklər tənzimləmənin həm dərinliyini, həm də texniki mürəkkəbliyini əhəmiyyətli dərəcədə artırdı.

Beynəlxalq inteqrasiya və institusional tanınma

AMB 2025-ci ildə beynəlxalq əlaqələrini də genişləndirdi. Azərbaycan Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə və Berlin Qrupu üzrə Açıq Maliyyə işçi qrupuna müşahidəçi statusunda, Beynəlxalq Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına (FinCoNet) isə tamhüquqlu üzv kimi qəbul olundu.

Bu arada, ölkənin 8 bankına məxsus "Azərbaycan Kredit Bürosu" MMC Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasına (ACIPE) sədrlik etməyə başladı. Dünya Bankının Azərbaycanla bağlı yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin qəbul edilməsi isə maliyyə sektorunun beynəlxalq inkişaf gündəliyinə inteqrasiyasını daha da gücləndirdi.

Strategiyalar və assosiasiyalar: sektor özünü yenidən tərtib edir

2025-ci il həm də strateji sənədlər və institusional dəyişikliklər ili oldu. İcbari Sığorta Bürosunun Himayəçilər Şurasına yeni sədr təyin edildi - bu vəzifədə AMB-nin keçmiş baş direktoru Ziya Əliyevi Daxili Audit Departamentinin direktoru Elçin Əlizadə əvəz etdi. Büro eyni zamanda 2025–2027-ci illəri əhatə edən Sığorta Sektorunun İnkişaf Strategiyasını təsdiqlədi.

Hesablama Palatası 2026–2030-cu illər üzrə Strateji Planının ilkin layihəsini təqdim etdi. Dövlət Vergi Xidməti isə 2025–2028-ci illər üçün strategiyasını açıqlayaraq vergi sisteminin daha ədalətli, sadə və müştəriyönümlü olacağını bəyan etdi. Qurumun 2024-cü ildə ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısını açıqlaması da fiskal şəffaflıq baxımından diqqət çəkdi.

İl, həmçinin, maliyyə ictimaiyyətinin institusional yenilənməsi ilə yadda qaldı: Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyəti yeniləndi, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası adını dəyişərək Azərbaycan Kapital Bazarları Assosiasiyasına çevrildi, Azərbaycan Fintex Assosiasiyasına isə Ruslan Talıbovun yerinə Edqar Abdullayev sədr seçildi.

Xəbər lenti