Goranboy rayonunda avtomobilin aşması nəticəsində ata və oğul ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Nadirkənd kəndində qeydə alınıb.
"LADA" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Xəstəxanaya çatdırılan yaralılardan biri də müdaxilələrə baxmayaraq, orada keçinib.
Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir. Ata və oğlu aldığı xəsarətdən dünyasını dəyişib, ana və qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.