Son illər Azərbaycanda nəqliyyat sektoru təkcə iqtisadi artımı təmin edən sahə kimi deyil, ölkənin regional və qlobal sistemdə mövqeyini müəyyən edən strateji dayaqlardan biri kimi formalaşır. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan bu üstün coğrafi mövqeyi real iqtisadi və geosiyasi üstünlüyə çevirməyi bacarıb. Dövlətin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində dəmir yolu, avtomobil, dəniz və hava nəqliyyatı üzrə irimiqyaslı infrastruktur layihələri həyata keçirilir, ölkənin nəqliyyat xəritəsi müasir tələblərə uyğun yenidən qurulur.
Bu yanaşma Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində rolunu keyfiyyətcə yeni mərhələyə yüksəldib. Tranzit yüklərin artan həcmi, logistika xidmətlərinin genişlənməsi və rəqəmsal həllərin tətbiqi nəqliyyat sektorunun səmərəliliyini əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişafına da güclü impuls verir. Eyni zamanda, Azərbaycan regional əməkdaşlıq platformalarında etibarlı tərəfdaş və mühüm tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirir.
"Report" son bir ildə Azərbaycanın nəqliyyat-logistika sahəsində əldə etdiyi əsas nəticələrə, tranzit imkanlarının genişləndirilməsi istiqamətində atılan addımlara, xüsusilə də dəmir yolu və dəniz nəqliyyatında həyata keçirilən strateji layihələrə nəzər salır.
Artan sürət, genişlənən imkanlar
Nəqliyyat sektorunda son illərin ən dinamik və strateji istiqamətlərindən biri məhz dəmir yolu sahəsidir. Azərbaycan bu sahəyə həm daxili daşımaların təminatçısı kimi, həm də beynəlxalq yük axınlarının əsas dayaqlarından biri kimi yanaşır. Statistik göstəricilər də bu yanaşmanın nəticələrini aydın şəkildə ortaya qoyur. Belə ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin həcmi 16 milyon 927,6 min ton təşkil edib.
Ümumilikdə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı 217,9 milyon ton yükün 7 %-i məhz dəmir yolunun payına düşüb.
Azərbaycan regional və qlobal miqyasda dəmir yolu infrastrukturunun inkişafını beynəlxalq dəhlizlərin genişləndirilməsi ilə paralel aparır. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkə Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanı, gəmiqayırma zavodu, dəmir yolu və logistika obyektlərinə böyük həcmdə investisiya yatırıb. Dövlət başçısının "Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusunda keçirilən 6-cı Xəzər Biznes Forumuna müraciəti bu strategiyanın siyasi və iqtisadi prioritet kimi formalaşdığını bir daha təsdiqləyir.
Məhz bu siyasətin nəticəsidir ki, son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 % artıb. Proqnozlara görə, 2030-cu ilədək Orta Dəhlizin yükdaşıma qabiliyyəti 2021-ci illə müqayisədə üç dəfə artacaq, yüklərin keçid müddəti isə iki dəfə azalacaq. Bu kontekstdə Azərbaycanın Orta Dəhlizin əsas həlqələrindən biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə, eləcə də Zəngəzur dəhlizi layihəsinə xüsusi önəm verməsi təsadüfi deyil.
2025-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC Orta Dəhliz üzrə təxminən 390 blok-qatar qəbul edib ki, bu da əvvəlki illə müqayisədə 35 % çoxdur. Çinlə Avropanı birləşdirən ən qısa marşrutlardan biri olan BTQ xətti artıq səkkiz ildən çoxdur ki, "Şərq-Qərb" beynəlxalq nəqliyyat dəhlizinin əsas sütunlarından biri kimi qitələrarası daşımalar üçün alternativ və etibarlı yol təqdim edir. ADY sədri Rövşən Rüstəmovun qeyd etdiyi kimi, modernizasiya nəticəsində BTQ-nin illik buraxılış qabiliyyəti 1 milyon tondan 5 milyon tona yüksəlib. 2034-cü ilə qədər bu göstəricinin 17 milyon tona, uzunmüddətli perspektivdə isə 25 milyon tona çatdırılması planlaşdırılır.
Mövcud qlobal geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Asiya-Avropa ticarət marşrutlarında yaranan risklər və gecikmələr fonunda alternativ yollar axtarışı Azərbaycan üzərindən keçən nəqliyyat xətlərinə marağı gücləndirib. Bu mənada Qərblə Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçün Orta Dəhlizin gücləndirilməsi həm iqtisadi, həm də geosiyasi baxımdan xüsusi əhəmiyyət daşıyır.
Ötən ilin diqqətçəkən layihələrindən biri də Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm elementi olan Zəngəzur dəhlizi ilə bağlı işlərin sürətləndirilməsi olub. Eyni zamanda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əsas həlqələrindən sayılan Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi mərhələli şəkildə davam etdirilir. Ümumi uzunluğu 110,4 kilometr olan bu xətt üzrə icra səviyyəsi artıq 69 %-ə çatıb. Layihə başa çatdıqdan sonra xəttin illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq və bu, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi inteqrasiyasına ciddi töhfə verəcək.
Dəmir yolu sahəsində ilin mühüm hadisələrindən biri də Ermənistanla sərhəddə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Salamməlik stansiyası ərazisində tikinti işlərinə başlanılmasıdır. Naxçıvanda ümumi uzunluğu 188 kilometr olan dəmir yolu xəttinin əsaslı təmiri və yenidən qurulması nəzərdə tutulur. Layihə tamamlandıqdan sonra xəttin illik yükötürmə qabiliyyəti 15 milyon tona çatacaq.
Ümumilikdə, 2030-cu il üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşımaların 11,4 milyon ton, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi üzrə isə 32 milyon ton səviyyəsində olacağı proqnozlaşdırılır. Bu çərçivədə Azərbaycan Rusiya və İranla əməkdaşlığı genişləndirərək "Şimal-Cənub" dəhlizinin əsas həlqələrindən biri olan Astara terminalının tikintisini yekunlaşdırmaq üzrədir. Terminalın yükaşırma qabiliyyətinin 2 milyon tona çatdırılması planlaşdırılır və modernizasiya işlərinin 2026-cı ilin mart ayının sonuna qədər başa çatdırılması gözlənilir.
Sərnişindaşımada rahatlıq, əlçatanlıq və yeni coğrafiya
2025-ci il Azərbaycanda sərnişindaşıma sahəsində marşrutların bərpası ilə yanaşı, hərəkət coğrafiyasının genişlənməsi və xidmət keyfiyyətinin yüksəlməsi ilə yadda qalıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin ötən il yanvarın 3-də Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa etməsi ölkənin şimal-qərb bölgəsinin nəqliyyat xəritəsində mühüm dönüş nöqtəsi olub. Bu addım yarım milyona yaxın vətəndaşa qatarla daha rahat, təhlükəsiz və əlçatan səfər imkanı yaradıb. Sərnişinlər Bakı, Biləcəri, Yevlax, Şəki, Qax, Zaqatala və Balakən stansiyalarından, eləcə də Göyəm, Göynük, Qorağan və Əliabad dayanacaqlarından istifadə edirlər.
Sərnişindaşıma sahəsində 2025-ci ilin ən simvolik hadisələrindən biri isə 32 ildən sonra Qarabağa qatarla səfərlərin bərpa olunmasıdır. Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulmasından sonra ötən ilin avqust ayından etibarən Bakı-Ağdam-Bakı marşrutu üzrə müntəzəm reyslərin təşkili postmünaqişə dövrünün sosial və iqtisadi inteqrasiyasının mühüm elementi kimi çıxış edir.
Eyni zamanda, 2025-ci ildə ilk dəfə olaraq Gəncə-Mingəçevir marşrutu üzrə müasir elektrik qatarları ilə regiondaxili sərnişindaşıma xidmətinə start verilməsi ölkədaxili mobilliyin artırılması baxımından əhəmiyyətli addım olub. Bu xətt regionlararası əlaqələrin güclənməsinə və gündəlik hərəkətin daha çevik təşkilinə imkan yaradıb.
Rəqəmlərlə ölçülən islahatlar
Ümumilikdə, 2025-ci il Azərbaycanda, xüsusilə Bakı şəhərində sərnişindaşıma və şəhər mobilliyi sahəsində struktur islahatları və real nəticələrlə seçilən dövr kimi qiymətləndirilir. Paytaxtda artan əhali sıxlığı və nəqliyyata olan tələbat fonunda ictimai nəqliyyatın səmərəliliyinin artırılması əsas prioritetlərdən biri olub. Bu çərçivədə marşrut şəbəkəsinin optimallaşdırılması, avtobus parkının yenilənməsi, xüsusi avtobus zolaqlarının təşkili və şəhərətrafı yaşayış məntəqələri ilə Bakı arasında əlaqələrin gücləndirilməsi istiqamətində ardıcıl və sistemli addımlar atılıb.
Rəqəmlər bu islahatların miqyasını aydın şəkildə göstərir. Belə ki, 2025-ci ildə Bakı şəhərində müntəzəm marşrut xətləri ilə 494 milyondan çox sərnişin daşınıb. Şəhərdaxili sərnişindaşıma üçün 837, şəhərlərarası daşımalar üçün isə 66 yeni avtobus istismara cəlb edilib. Bundan əlavə, şəhərlərarası daşımalar üzrə 19 yeni müntəzəm marşrut xətti yaradılıb, 10 marşrutun hərəkət sxemi dəyişdirilib, 3 yeni şəhərdaxili xətt təşkil olunub.
Bu günədək paytaxtın 40 küçə və prospektində ümumi uzunluğu 114 kilometrdən artıq olan avtobus zolaqları salınıb. Bu zolaqlar vasitəsilə gün ərzində təxminən 1 milyon sərnişin daşınır. Sumqayıt, Saray və Xırdalan istiqamətlərindən Bakı şəhərinə gündəlik sərnişin axınının 49 min nəfər artması da həyata keçirilən tədbirlərin praktik nəticələrini əks etdirir.
Rəqəmsallaşma sərnişindaşımanın ayrılmaz hissəsinə çevrilib. Ötən il avtobuslarda nağdsız ödəniş sisteminə keçid istiqamətində atılan addımlar nəticəsində 2025-ci ildə Bakıda 16 marşrut xətti üzrə 203 avtobus rəqəmsal ödənişə qoşulub. Bununla da paytaxtda avtobus parkının 80 %-i artıq nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərir ki, bu da həm şəffaflığı, həm də xidmət sürətini artırır.
Orta Dəhliz, dəniz nəqliyyatı və rəqəmsal inteqrasiya
Müasir qlobal iqtisadi münasibətləri dəniz nəqliyyatı olmadan təsəvvür etmək mümkün deyil. Digər nəqliyyat növləri ilə müqayisədə daha ucuz və böyük həcmli daşımalar imkanı təqdim edən dəniz nəqliyyatı vahid nəqliyyat sisteminin əsas sütunlarından biridir. Məhz bu səbəbdən bir çox ölkələr liman qovşaqlarının yaradılmasına və inkişafına ciddi investisiyalar yatırır.
2018-ci ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Dəniz Limanı Azərbaycanın bu strategiyada tutduğu yeri aydın şəkildə nümayiş etdirir. Liman əməliyyatları ilə yanaşı, müasir donanma və yüksək yükgötürmə qabiliyyəti də Orta Dəhlizin səmərəliliyində həlledici rol oynayır. Bu gün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tərkibində nəqliyyat və ixtisaslaşdırılmış donanma, eləcə də gəmi təmiri zavodları fəaliyyət göstərir. ASCO-nun nəqliyyat donanmasında 50-dən çox gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 "Ro-Ro" və 2 "Ro-Pax" tipli gəmi mövcuddur. İxtisaslaşdırılmış donanma isə 200-dən artıq gəmidən ibarətdir.
2025-ci ilin yanvar-noyabr aylarında Orta Dəhliz üzrə ASCO gəmiləri ilə daşınan konteynerlərin həcmi 18 542 TEU təşkil edib. Halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 6 186 TEU idi. Beləliklə, bir il ərzində konteyner daşımalarında təxminən üç dəfə artım qeydə alınıb. Eyni dövrdə Xəzər dənizi ilə ASCO gəmiləri vasitəsilə 716 460 ton quru yük daşınıb ki, bu da əvvəlki ilin eyni göstəricisi ilə müqayisədə təxminən 51 % artım deməkdir.
Yükdaşımaların fasiləsizliyini və dəhlizin rəqabət qabiliyyətini artırmaq məqsədilə ötən il vaqon daşımalarına güzəştli tariflər tətbiq olunub, pik dövrlərdə isə Aktau-Ələt marşrutu üzrə beş ay müddətinə əlavə üç gəmi cəlb edilib. Hazırda Orta Dəhliz çərçivəsində istismar olunan ASCO-nun bərə və "Ro-Pax" tipli gəmilərinin ümumi vaqon götürmə qabiliyyəti 584 ədəd, quru yük gəmilərinin yükdaşıma potensialı isə 140 min ton təşkil edir.
Regional qovşaqdan qlobal bağlantıya
Bakı Beynəlxalq Dəniz Limanının inkişafı Azərbaycanın Şərqlə Qərb arasında strateji nəqliyyat qovşağı kimi rolunu daha da gücləndirir. Limanda tətbiq olunan "yaşıl" və rəqəmsal logistik həllər, Orta Dəhliz üzrə inteqrasiyanın dərinləşməsi daha böyük yük həcmlərinə və iqtisadiyyata yüksək əlavə dəyər yaradır.
2025-ci ilin yanvar-noyabr aylarında limanda 7 milyon 547 min ton yük aşırılıb. Müqayisə üçün qeyd edək ki, limanın fəaliyyətə başladığı 2018-ci ildə bu göstərici 3 milyon 787 min ton idi. Ötən ilin sonunda ümumi yükaşırma həcminin 8 milyon tona çatacağı gözlənilir. Bu il isə limanda 110 min TEU-dan çox konteyner yükünün aşırılması planlaşdırılır.
Qlobal yükdaşımaların sürətlə konteynerləşməsi fonunda limanın ikinci faza layihəsinin reallaşması xüsusi əhəmiyyət daşıyır. Bu mərhələnin tamamlanması ilə Bakı Limanının illik yükötürmə gücü 25 milyon tona, konteyner aşırma qabiliyyəti isə yarım milyon TEU-ya çatacaq. 2024-cü ildə təxminən 76 min TEU olan konteyner aşırılması həcminin 2025-ci ildə 104-105 min TEU səviyyəsinə yüksəlməsi limanın texniki potensialını və peşəkar heyətinin imkanlarını aydın şəkildə nümayiş etdirir.
Bir sözlə, 2025-ci il Azərbaycanda nəqliyyat sektorunda yeni inkişaf mərhələsinin konturlarını formalaşdırıb. Dəmir yolu, dəniz və şəhər nəqliyyatı sahəsində həyata keçirilən layihələr ölkənin tranzit imkanlarını genişləndirib, sərnişinlər üçün daha rahat və təhlükəsiz mühit yaradıb. Bu nailiyyətlər Azərbaycanın regional və beynəlxalq nəqliyyat xəritəsində strateji mövqeyini daha da möhkəmləndirir və qarşıdakı illərdə sektorun dinamik inkişafı üçün etibarlı zəmin yaradır.







