Yeniyetmə həndbolçular arasında Azərbaycan birinciliyinin zona yarışı daha üç bölgədə keçiriləcək.
Bu barədə “Report”a Azərbaycan Həndbol Federasiyasının (AHF) idman şöbəsinin müdiri İsgəndər Əsgərov məlumat verib.
Yanvarın ilk həftəsində Lənkəran Olimpiya İdman Kompleksində 2008-ci il və daha kiçik təvəllüdlü yeniyetmələr arasında birincilik təşkil edildiyini xatırladan federasiya rəsmisi bu layihənin davam etdiriləcəyini bildirib. Belə ki, martda Göygöldə, apreldə Qubada, mayda isə Şirvanda turnir təşkil olunacaq.
Hər regionda ilk iki yeri tutacaq komandalar Bakıda baş tutacaq final mərhələsinə vəsiqə qazanacaqlar. Paytaxtdakı həlledici birinciliyin iyunda keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Lənkəranda keçirilən Azərbaycan birinciliyinin zona yarışında Cəlilabad birinci, yerli komanda isə ikinci yeri tutub.
Bizim Telegram kanalımıza abunə olun