İsrail və ABŞ münasibətləri normallaşdırmaq üçün "İbrahim sazişləri"ni genişləndirməyi mümkün hədəf hesab edirlər.
"Report"un məlumatına görə, İsrailin Baş naziri Benyamin Netanyahu bunu "Newsmax"a müsahibəsində bildirib.
"(ABŞ) Prezidenti Donald Tramp və mən "İbrahim sazişləri"ni Yaxın Şərqdə və ondan kənarda, o cümlədən böyük müsəlman ölkələri ilə genişləndirməyə sadiqik. Biz bunun mümkün olduğuna inanırıq", - o deyib.
Baş nazir qeyd edib ki, Yaxın Şərqdə sülh üçün imkanlar yaradan dərin dəyişikliklər baş verir.
2020-ci ilin sentyabrında İsrail ABŞ-nin vasitəçiliyi ilə Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətləri normallaşdırmağa razılaşıb. Üçtərəfli saziş "İbrahim sazişləri" adlandırılıb. Mərakeş və Sudan sonradan yəhudi dövləti ilə münasibətlərin normallaşdığını elan ediblər.
Bu sazişlərdən əvvəl İsrailin ərəb ölkələri arasında yalnız Misir və İordaniya ilə diplomatik əlaqələri olub.