Avropa İttifaqının (Aİ) rəhbərliyi və aparıcı ölkələrin liderləri ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşün nəticələrini müzakirə etmək üçün videokonfrans keçiriblər.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, müzakirələr Ukrayna Ordusunun Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına hücum etməsi barədə Kremlin iddiaları və bu səbəbdən Moskvanın danışıq mövqeyinin yenidən nəzərdən keçirilməsi haqqında bəyanatı fonunda baş tutub.
"Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətlərinin təmin edilməsi istiqamətində işimiz eyni sürətlə davam edir", - Niderlandın Baş naziri Dik Sxof "X" sosial şəbəkəsində yazıb.
Videokonfransda Almaniya Kansleri Fridrix Merts, Finlandiya Prezidenti Aleksandr Stubb, Polşanın Baş naziri Donald Tusk və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen iştirak ediblər.
"Demək olar ki, bir gün keçib, amma Rusiya Ukraynanın guya Putinin iqamətgahına hücum etməsi ilə bağlı ittihamlarını təsdiqləyən heç bir inandırıcı sübut təqdim etməyib, və etməyəcək də. Çünki belə sübutlar yoxdur. Heç bir hücum olmayıb", - Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.
Buna baxmayaraq, Hindistan, Pakistan, BƏƏ və Özbəkistan da daxil olmaqla bir neçə ölkə ehtimal olunan hücum cəhdini narahatlıqla qarşılayan və ya pisləyən bəyanatlarla çıxış edib.
Avropa liderləri ilə danışıqlarından sonra çıxış edən Tusk bildirib ki, bu genişmiqyaslı müharibənin başlanğıcından bəri ilk dəfə üfüqdə sülh görünür. O, ABŞ-nin müharibədən sonra Ukraynanın təhlükəsizliyinə dair zəmanətlər vermək öhdəliyini yüksək qiymətləndirib.