IMG-LOGO

ABŞ Putinin iqamətgahına hücumla bağlı kəşfiyyat məlumatlarını araşdıracaq

31 Dec 2025 00:48 4 baxış
IMG

ABŞ Rusiya Prezidenti Vladimir Putinin dövlət iqamətgahına Ukrayna dronları ilə hücum edilməsi barədə mövcud kəşfiyyat məlumatlarını araşdırmaq niyyətindədir.

"Report" xəbər verir ki, bunu ABŞ-nin NATO yanında daimi nümayəndəsi Metyu Uitaker "Fox Business" telekanalına müsahibəsində bildirib.

"Biz kəşfiyyat məlumatlarını araşdıraraq məsələnin mahiyyətini öyrənəcəyik", - o deyib.

Uitaker əlavə edib ki, Kiyevin belə bir hücumu ağılsızlıq olardı və Rusiya-Ukrayna müharibəsinə son qoymaq səylərinə açıq şəkildə zərər verər.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidentinin Novqorod vilayətindəki iqamətgahına Ukraynanın pilotsuz təyyarəsi ilə hücum etməsi ilə bağlı iddiaların yalan olduğunu bildirib.

"Rusiyadan çox təhlükəli açıqlamalar verilib və açıq şəkildə sülhü yaxınlaşdırmaq üçün ABŞ Prezidenti Donald Trampın komandası ilə birgə işimizin bütün nailiyyətlərini sarsıtmaq məqsədi daşıyır. Hazırda Rusiya tərəfi görünür, Kiyev də daxil olmaqla, Ukraynaya davam edən zərbələr üçün haqq qazandırmaq və müharibəni bitirmək üçün lazımi addımlardan imtina etmək məqsədilə saxta bir hekayə uydurub", - Ukrayna lideri teleqram kanalında yazıb.

Xəbər lenti