IMG-LOGO

Misirin səfiri: Ölkələrimiz arasında əməkdaşlıq üçün böyük potensial var - MÜSAHİBƏ

30 Dec 2025 13:03 4 baxış
IMG

Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsaməddin Effat Mustafa Reda "Report"a müsahibəsində diplomatik və iqtisadi münasibətlərin mövcud vəziyyəti və gələcək perspektivləri, ikitərəfli siyasi dialoqun dinamikası, əməkdaşlığın gücləndirilməsi üçün əsas prioritetlər barədə sualları cavablandırıb.

Diplomat müsahibə zamanı oktyabrda Şarm əş-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitinin nəticələri, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi bu tədbirin regionda formalaşdırdığı diplomatik mənzərə, o cümlədən ikitərəfli ticarət dövriyyəsi, investisiya perspektivləri, eləcə də enerji, turizm və bərpa olunan enerji sahələrində əməkdaşlıq haqqında fikirlərini bölüşüb:

- Cənab Səfir, Misir və Azərbaycan arasındakı münasibətlərin inkişaf dinamikasını necə qiymətləndirirsiniz? İki ölkə arasında siyasi dialoqu daha da dərinləşdirmək üçün hansı addımların atılmasına ehtiyac var?

- Misir və Azərbaycan arasında mövcud potensial çox böyükdür. Bəs biz bu potensialdan tam faydalana bilirikmi? Fikrimcə, xeyr, hətta çox geridəyik. Xoşbəxtlikdən, hər iki ölkənin dövlət başçıları arasında potensialımızı reallaşdırmaq üçün siyasi baxış, iradə və qarşılıqlı əlaqələr mövcuddur. Biz düzgün istiqamətdə irəliləyirik, sadəcə temp hələ ki qənaətbəxş deyil. Ona görə də hazırda sürəti artırmağa çalışırıq.

Əməkdaşlıq sahələrinə gəldikdə isə, deyərdim ki, istisnasız olaraq bütün sahələrdə əməkdaşlıq mümkündür. Biz eyni mədəniyyətə, ailə dəyərlərinə, dinə və maraqlara sahibik. Ailənin ata və ana əsasında formalaşmasına dair baxışlarımız eynidir, qadınlara eyni hörməti bölüşürük. Bizi ayıran cəhətlər, demək olar ki, yoxdur. Yəni bizi yalnız dövlət kimi deyil, xalq kimi birləşdirən amillər bildiyimizdən qat-qat çoxdur və bu amillər istənilən mövzu üzrə fərqli baxışların yaranmasına səbəb ola biləcək məqamlardan dəfələrlə üstündür.

Həmçinin hər iki ölkə oxşar tarixə malikdir. Sizin də vaxtilə torpaqlarınız işğal olunub, bizim də. Biz də işğalçı ilə üz-üzə qalmağın nə demək olduğunu bilirik, siz də. Yenidənqurma prosesi, insanların öz evlərinə qayıtmasının təmin edilməsi - bütün bu çağırışlardan biz də keçmişik, siz də hazırda həmin prosesdən keçirsiniz. Beynəlxalq arenada maraqlarımıza gəldikdə isə, hər iki ölkə sülhsevər dövlətlərdir.

- Səfir kimi səlahiyyət müddətiniz ərzində Azərbaycan-Misir münasibətlərində hansı əsas sahələrə diqqət yetirməyi planlaşdırırsınız?

- Əlbəttə ki, iqtisadi əməkdaşlıq və digər istiqamətlərlə bağlı dövlət başçılarının müəyyən etdiyi tapşırıqlar var və biz onlara əməl etməliyik. Az əvvəl də vurğuladığım kimi, ailə strukturu eyni, mətbəx mədəniyyəti oxşar, inanclarımız birdir. Bu baxımdan, hazırda üzərində ən çox çalışdığım məsələ birinci mərhələdə mədəniyyəti əsas prioritetə çevirməkdir. Biz bilməliyik ki, eyni dəyərlərə sahibik. Hər iki ölkə təhlükəsizdir, qadınlara hörmət edir və turizm baxımından elə bir mühit yaradır ki, ziyarətçi özünü orada yad hiss etmir.

Lakin mənim həmişə diqqət etdiyim məqam odur ki, burada - Bakıda gənc xanımlar axşam saat 9, 10, hətta 11-də rahat şəkildə küçədə gəzə bilirlər və özlərini təhlükəsiz hiss edirlər. Həm Azərbaycan, həm də Misir təhlükəsiz ölkələrdir. Misirdə də gecə gəzə bilərsiniz, Azərbaycanda da. Tarixiliyə gəldikdə isə bəzən deyirik ki, tarix Misirdə başlayıb. Yəni biz son dərəcə zəngin irsə malikik. Ancaq təəssüf ki, bir çox insanlar bu gün turizm məqsədilə gedib Misir tarixinə aid eksponatları Böyük Britaniya, Fransa, ABŞ, Almaniya və ya İtaliyadakı muzeylərdə görürlər. Halbuki bunlar Misir deyil. İnsanlar Misir artefaktlarını Misirdən kənarda axtarırlar. Bəs niyə, səbəb nədir?

Bu yaxınlarda – noyabrın 1-də Böyük Misir Muzeyinin rəsmi açılışını etdik və bu mərasim Azərbaycanda canlı yayımlandı. İnsanlara deməliyik ki, Misir tarixini görmək üçün Londona və ya Parisə getməyə ehtiyac yoxdur, birbaşa Misirə gələ bilərlər. Misirdə istədiyiniz bütün tarixi dövrləri tapa bilərsiniz: fironlar dövrü, yunan, roma, xristian, islam, yeni tarix, osmanlı irsi - hamısı mövcuddur və bu gün də qorunub saxlanır.

Dəniz turizminə gəldikdə isə Şarm əş-Şeyx azərbaycanlılar üçün çox populyar istiqamətdir. Oraya gedib də "Başqa yerlərdən daha çox bəyəndim və yenə gedəcəyəm" deməyən bir azərbaycanlı ilə rastlaşmamışam. Ən önəmlisi isə odur ki, orada özünüzü yad hiss etmirsiniz. Sadəcə təəssüf ki, bəzən müsəlman, Yaxın Şərq mədəniyyətinə malik insanlar olduğumuz üçün bəzi yerlərdə qəbul edilməmə meyili ilə qarşılaşırıq. Ancaq bilmək lazımdır ki, misirlilər Azərbaycanda, azərbaycanlılar isə Misirdə həmişə səmimi şəkildə qarşılanır. Sadəcə əlaqələrimizin daha da genişlənməsinə mane olan amil bir-birimizi kifayət qədər tanımamağımızdır.

Misirin qalan hissəsi - Qahirə, Luksor, Əsuan, İsgəndəriyyə yetərincə tanınmır. İnsanlar hələ də Şarm əş-Şeyxin adını eşidəndə ilk olaraq soruşurlar: "Orada yaxşı hotellər varmı? Yemək tapmaq mümkündürmü?" Çünki Misir haqqında məlumatları azdır.

Eyni hal əks istiqamətdə də mövcuddur. Misirlilərə Azərbaycan haqqında danışanda suallar eynidir: "Yaxşı hotellər varmı? Yemək varmı?" Biz bir-birimizi tanımadığımız üçün daha asan və tanış olanı seçirik. İnsanlar, adətən, "komfort zonası" adlandırdığımız məkanlara üstünlük verirlər. Lakin istər Misirdən Azərbaycana, istərsə də Azərbaycandan yalnız Şarm əş-Şeyxlə məhdudlaşmadan Misirin digər bölgələrinə səfər edənlər yaşadıqları təcrübəni çox sevirlər.

- Sizin də qeyd etdiyiniz kimi, turizm sahəsində əməkdaşlıq hazırda iki ölkə arasındakı münasibətlərdə mühüm rol oynayır. Hər il çox sayda Azərbaycan vətəndaşı Misirə səfər edir. Bu səfərlərlə bağlı illik statistikanı bizimlə bölüşə bilərsinizmi?

- Konkret bir rəqəm səsləndirdikdə, bu, müəyyən mənada həmin göstəricini qəbul etdiyiniz mənasına gəlir. Mən isə bu rəqəmləri qəbul etmək istəmirəm. İstər 10 milyon olsun, istərsə də 10 min, heç biri kifayət deyil. Düşünürəm ki, biz daha çox şey təklif edə bilərik və siz də daha çox imkanlara maliksiniz.

Arzum odur ki, azərbaycanlılar "Gəlin dünyanı kəşf edək" deyə düşündükdə Misir əsas istiqamətlərdən biri olsun. Eyni zamanda, istəyirəm ki, misirlilər üçün də Bakı gedilə bilən əsas şəhərlərdən biri kimi qəbul edilsin. Hazırda bu düşüncəni daha geniş şəkildə qəbul etdirə bilmək üçün çalışırıq.

Biz artıq Şarm əş-Şeyxə birbaşa uçuşlara malikik, hazırda Azərbaycan hökuməti və bəzi özəl Misir şirkətləri ilə Bakı–Qahirə birbaşa aviareysinin açılması üzərində işləyirik. Bakı ilə Qahirənin birbaşa bağlantısı biznes ictimaiyyət, akademik dairələr, mədəniyyət və ümumilikdə, turizm deməkdir.

Bizi daha da yaxınlaşdıracaq əsas məqam bu əlaqələrin qısa müddətli mədəni mübadilə proqramları və ticarət üçün şərait yaratmasıdır. Birbaşa uçuş olsa, səyahət xeyli asanlaşır.

– Bəs mədəniyyət və təhsil sahələrində əməkdaşlıq hansı səviyyədədir? Qarşılıqlı mədəniyyət günlərinin, eləcə də tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi ilə bağlı planlar varmı?

- Özəl səviyyədə bəzi universitetlər arasında müəyyən əməkdaşlıqlar mövcuddur. Lakin hökumətlərarası səviyyədə bu əməkdaşlıq hələ geniş miqyasda deyil.

İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən mədəniyyət nazirlərinin iclası zamanı Misirin mədəniyyət naziri doktor Ahmed Fuad Hanno Azərbaycanda səfərdə olub. O, Azərbaycandakı həmkarı ilə görüşərək mədəni mübadilənin fəal şəkildə həyata keçirilməsi üçün mümkün yollar və mexanizmlər barədə müzakirələr aparıb. Hazırda biz hələ ilkin mərhələdəyik, lakin həmin görüşdə irəli sürülən ideyalar məndə böyük nikbinlik yaradıb və bu istiqamətdə işləri yaxından izləyir, davam etdiririk.

– Maraqlıdır, iki ölkə arasında enerji sahəsində, xüsusilə bərpa olunan enerji və qaz layihələri üzrə əməkdaşlıq imkanlarını necə qiymətləndirirsiniz?

- Azərbaycan qaz və neft sahəsində uzunmüddətli və zəngin təcrübəyə malikdir, Misir də eyni şəkildə. Düşünürəm ki, əməkdaşlıq üçün çoxsaylı imkanlar mövcuddur. Bərpa olunan enerji sahəsində də biz inkişaf edən bazarıq. Enerji məsələlərinə yanaşmalarımız da oxşardır. Biz COP27-yə ev sahibliyi etmişik, siz isə COP29-a. Hər iki sammit çərçivəsində, xüsusilə bərpa olunan və "yaşıl" enerji ilə bağlı oxşar ideyalar müzakirə olunub. Bu baxımdan paylaşacaq çox şeyimiz var, lakin mexanizmlər üzərində daha konkret işləməliyik.

SOCAR Misirdə fəaliyyətini genişləndirməkdə, həqiqətən, maraqlı ola biləcək şirkətlərdən biridir. Onların artıq bu regionda müəyyən investisiyaları mövcuddur və biz onları qəbul etməyə hazırıq. Çünki bu, olduqca perspektivli bir istiqamətdir.

Misir mayeləşdirilmiş qaz sahəsində böyük təcrübəyə malikdir və Aralıq dənizi regionunda qaz sənayesi üzrə əsas və ən mühüm mərkəzlərdən birinə, eləcə də Avropa üçün təchizatçıya çevrilməkdədir. Bu sahədə əməkdaşlıq hələ tam reallaşdırılmayıb. Ümid edirəm ki, qarşıdakı illərdə, fəaliyyətim dövründə bu potensialı dəyərləndirməyə nail olacağıq.

– Misir Qarabağın bərpasında hər-hansı bir formada iştirak etmək istəyirmi?

-Biz Qarabağın bərpası prosesində iştirak etməyə ciddi maraq göstəririk. Çünki biz dünyanın ən yaxşı inşaatçıları sırasında yer alırıq. Yəqin ki, minilliklərdən qalan tikililəri olan başqa bir ölkə yoxdur. Bu, təkcə tarixlə bağlı məsələ də deyil. Məsələn, 2016–2017-ci illərdə Süveyş kanalının bəzi hissələrinin genişləndirilməsi layihəsi gündəmdə idi.

Həmin layihə üzrə çalışan beynəlxalq konsaltinq şirkətləri onun üç ildən tez başa çatdırılmasının mümkün olmadığını bildirirdilər. Misir isə bu layihəni bir il ərzində tamamladı və o vaxtdan tam fəaliyyət göstərir. Nəticədə dünyanın ən mühüm dəniz ticarət marşrutu olan Süveyş kanalı üzrə yük axını əhəmiyyətli dərəcədə artdı. Bu onu göstərir ki, bizdə təcrübə, siyasi iradə, potensial və qazanılmış etibar var.

Bu da sirr deyil ki, Yaxın Şərqdə və Afrikada bir çox ölkələrin infrastrukturunun əsasını məhz Misir şirkətləri qoyub, həmin ölkələr müstəqillik əldə etdikdən sonra şəhərlərin formalaşmasında misirli mütəxəssislər mühüm rol oynayıblar.

Biz hər zaman işğal olunmuş ərazilərin azad edilməsi istiqamətində göstərilən səyləri dəstəkləmişik, həmin proseslərdə Azərbaycanın yanında olmuşuq. Ən yüksək səviyyədə və müxtəlif platformalarda rəsmi şəkildə yardım göstərməyə hazır olduğumuzu da bildirmişik.

Heç kimə sirr deyil ki, mətbuatda da əks olunduğu kimi, yaxın dostum olan ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovu ziyarət etmişəm və onunla mina təmizləmə prosesində öz təcrübəmizi necə bölüşə biləcəyimizi müzakirə etmişəm. Ümid edirik ki, bu müzakirələr çox yaxın zamanda konkret nəticələrə çevriləcək.

Biz həmçinin mina təmizləmədən sonra azad edilmiş ərazilərdə infrastrukturun qurulması, şəhərlərin salınması və bərpa olunan enerji layihələri üzrə xidmətlərimizi də təklif etmişik. Hazırda bu təkliflərin nəzərdən keçirilməsini gözləyirik. Mənə bildirilib ki, işğaldan azad edilmiş ərazilərdəki bəzi layihələr artıq 2027-ci ilə qədər planlaşdırılıb. Lakin hesab edirik ki, Misir də bu prosesdə mütləq pay sahibi olmalıdır.

– Bəs, ümumilikdə, Misir şirkətləri Azərbaycanda, əsasən, hansı sahələrə investisiya yatırıb və bu investisiyaların təxmini həcmi nə qədərdir?

- İnvestisiya baxımından hazırda ciddi həcmdə yatırımlar yoxdur. Həmçinin Azərbaycanın da Misirdə güclü investisiyaları mövcud deyil. Bunlar hələ reallaşdırılmamış potensial imkanlardır. Ancaq biz proseslərə nikbinliklə yanaşırıq, çünki bəzi iri Misir transmilli şirkətləri artıq Azərbaycana gələrək vəziyyəti yerində öyrənib və maraq göstəriblər.

Eyni zamanda, Azərbaycan şirkətlərinin də Misirdə investisiya yatırmaqda maraqlı olduğunu bilirik. Lakin bu proses, əsasən, Prezident Əbdül Fəttah əs-Sisinin 2023-cü ildə Azərbaycana səfəri və ardınca Azərbaycan Prezident İlham Əliyevin 2024-cü ildə Misirə səfəri ilə impuls alıb. Hər iki lider uzaqgörən siyasətçidir. Biznes ictimaiyyəti isə bu prosesdə hələ bir qədər geri qalır. Biz onları daha fəal olmağa təşviq etməyə çalışırıq. Bu istiqamətdə Misir şirkətləri ilə çoxsaylı təmaslarım olub, bəziləri artıq gəlib yerində baxış keçirib. Lakin proseslər bir qədər zaman alır.

– Cənab səfir, ötən ay Qahirədə Azərbaycan ilə Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirildi. Növbəti iclasın nə vaxt və harada keçirilməsi planlaşdırılır? Həmçinin Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrin tarixi və məkanı barədə məlumat verməyinizi istərdik.

- Növbəti iclasın gələn il keçirilməsi mümkündür. Sonuncu iclas Misirdə keçirilib. Azərbaycan nümayəndə heyətinə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev rəhbərlik edirdi. O, Misirin çox yaxın dostudur. Müzakirələr son dərəcə açıq və səmimi şəraitdə aparıldı və məsələlər düzgün məcraya yönəldildi. Ümid edirik ki, Qahirəyə son səfərin nəticələrini gələn il izləmək və davam etdirmək mümkün olacaq.

Son siyasi məsləhətləşmələr də olduqca səmərəli idi. Növbəti siyasi məsləhətləşmələr də xarici işlər nazirlərinin müavinləri və ya nazir köməkçiləri səviyyəsində baş tutacaq. Ötən siyasi məsləhətləşmələrdə bir sıra mühüm mövzular, o cümlədən konsulluq məsələlərinin asanlaşdırılması müzakirə olundu.

Ümumiyyətlə, siyasi məsləhətləşmələr, adətən, bir neçə istiqaməti əhatə edir. Bunlardan biri ikitərəfli məsələlərdir, hər bir ölkənin ikitərəfli münasibətlərə dair mövqeyi, daha sonra isə regional və qlobal məsələlər müzakirə olunur. Bu fikir mübadiləsi son dərəcə vacibdir. Dostların mütləq eyni mövqedə olması şərt deyil, əsas olan bir-birini anlamasıdır.

Siz Misirin müəyyən məsələlər üzrə mövqeyini anlamalısınız, biz də sizin mövqeyinizi başa düşməli və ona hörmətlə yanaşmalıyıq. Çünki maraqlar regiondan regiona dəyişir, sizin əhaliniz təxminən 10 milyon, bizim isə 110 milyondur, hər ikimizin də regiondakı çəkimiz, təsir imkanlarımız və bəzi məsələlərə verdiyimiz əhəmiyyət fərqlidir.

Misir üçün prioritet məsələlərdən biri, şübhəsiz ki, Fələstin məsələsidir. O, bizim üçün qonşu ərəb ölkəsidir və coğrafi yaxınlığa görə xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Fələstin məsələsi Misir üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvləri - Çin, Böyük Britaniya, Fransa, Rusiya və ABŞ - üçün olduğundan daha böyük əhəmiyyət kəsb edir.

–Misir və ABŞ prezidentlərinin dəvəti ilə Azərbaycan Prezidenti oktyabrın 13-də Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak etdi. Bu iştirak regionda formalaşan yeni diplomatik konfiqurasiyada hansı rolu ifadə edir?

- Həmin sammit çərçivəsində Prezident İlham Əliyevin toplantıda iştirak etməsi bizi çox sevindirdi. Onu Misirdə qəbul etmək hər zaman bizim üçün məmnunluq doğurur. Misir onun baxışlarını və liderliyini yüksək qiymətləndirir.

Siz bu üç ölkəni xüsusi olaraq vurğuladınız və bu, təsadüfi deyil. Misir, Azərbaycan və ABŞ sülhə sərmayə qoyan ölkələrdir. Bu kontekstdə sammitdə səmimi və etibarlı vasitəçi rolunu oynaya biləcək dövlətlərin iştirakı son dərəcə vacibdir. Bakının Təl-Əvivlə çox yaxşı münasibətləri fonunda Azərbaycan məhz belə etibarlı vasitəçi kimi çıxış edə bilir.

Biz dəfələrlə Prezident İlham Əliyevin müdrikliyini və liderliyini, Azərbaycanın qəti mövqeyini görmüşük. İsraillə çox yaxşı ikitərəfli münasibətlərinə baxmayaraq, Azərbaycan heç vaxt iki dövlətli həll prinsipindən geri çəkilməyib. Bu baxımdan, ideyalar və təşəbbüslər səviyyəsində Azərbaycan səmimi və etibarlı vasitəçidir.

– Son olaraq bilmək istərdik ki, yaxın gələcəkdə dövlət başçıları və ya xarici işlər nazirləri səviyyəsində qarşılıqlı yüksək səviyyəli səfərlər planlaşdırılırmı?

- Hazırda gündəmdə Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu, İslam Əməkdaşlıq Təşkilatının Sammiti və ən yüksək səviyyədə keçirilən bir sıra çoxtərəfli tədbirlər var. Biz hər zaman ümid edirik ki, dövlət başçılarının qrafiki onlara bu tədbirlərdə iştirak etməyə imkan verəcək.

Lakin sizi əmin edə bilərəm ki, bizim Prezidentimiz də, sizin Prezidentiniz də imkan olan kimi qarşılıqlı səfərlərə vaxt ayırmağa çalışırlar. Buna görə də nikbinəm ki, 2026-cı il ərzində ən azı bir yüksək səviyyəli səfərin şahidi olacağıq.

Xəbər lenti