Avropa İttifaqı (Aİ) TRIPP layihəsi (Tramp marşrutu – müəl.) ətrafında gedən prosesləri izləyir, lakin indiki mərhələdə onun birbaşa parçası olmaq istəmir.
Bunu "Report"a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri Fərhad Məmmədov Aİ və ABŞ-nin Cənubi Qafqazda öz mövqelərini qorumaq üçün son dövrlər Ermənistana xüsusi diqqət göstərməyini şərh edərkən deyib.
Mütəxəssis Aİ-nin rəsmi İrəvanla imzaladığı növbəti 7 il müddətində tərəflər arasında strateji prioritetləri müəyyənləşdirən sənəddə Tramp marşrutundan söz açılmamasının səbəbi kimi ilk olaraq Ermənistan rəsmilərinin fikirlərinə diqqət çəkib:
"Ermənistan hakimiyyəti bildirir ki, Avropa İttifaqı ilə imzalanan sənəd keçən ilin birinci yarısında hazırlanıb və ona görə də TRIPP layihəsi orada öz əksini tapmayıb. Amma onu nəzərə almaq lazımdır ki, bu sənəd qurumlararası səviyyədədir. Aİ ölkələrinin Brüsseldə nümayəndələri bu sənədi razılaşdırıblar. Yəni Ermənistan Xarici İşlər Nazirliyi və Avropa İttifaqının Xarici Siyasət İdarəsi arasında imzalanıb, hökumətlər prosesə cəlb olunmayıb. Bu, çox vacib məqamdır. Çünki əgər bu, hökumətlərarası sənəd səviyyəsində olsaydı, o zaman Aİ ölkələrinin parlamentlərindən keçməli və üzv ölkələrin hökumətləri səviyyəsində ona razılıq verilməliydi. Ancaq belə bir prosedur olmayıb. Əgər istəsəydilər, onlar sənəddə dəyişiklik edib, TRİPP layihəsinin adını ora daxil edərdilər".
Siyasi şərhçi həmçinin bildirib ki, tərəflər istəsəydilər, TRIPP-in adını da həmin sənədə sala bilərdilər:
"Bu layihə (TRIPP - müəl.) təkcə dəmiryolu, avtomobil yolu deyil, eyni zamanda, kiçik miqyasda da olsa, neft boru xətti, qaz boru xətti, elektrik enerjisini ötürən xətlər və digər infrastruktur layihələrinin həyata keçirilməsini də nəzərdə tutur və bunun üçün sərmayə lazım olacaq. Biz Avropa İttifaqının TRIPP layihəsində sərmayəçi, yaxud maliyyə dəstəyi verən tərəf kimi təqdim edildiyini hələ ki eşitməmişik. Bununla belə, avropalıların bu layihə ətrafında gedən prosesləri izlədiklərini görürük".
F.Məmmədov eyni zamanda vurğulayıb ki, Aİ rəsmiləri ABŞ diplomatları ilə daim əlaqədədirlər və sanki digər layihələri dəstəkləmək niyyətindədirlər:
"Yəni bu mərhələdə TRIPP-ə birbaşa baş qoşmaq istəmirlər. Ümumilikdə isə Avropa İttifaqının öz geosiyasi maraqları var".

