Somali ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana minnətdarlığını bildirib.
"Report" xəbər verir ki, bu barədə Somali Xarici İşlər Nazirliyinin kommunikasiyalar üzrə direktor müavini Əhməd Qaşaan (Ahmed Gaashaan) "X" hesabında yazıb.
"Biz Azərbaycanın Somali Federativ Respublikasının birliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı nümayiş etdirdiyi mövqeyə hörmətlə yanaşırıq. Bu mövqe Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə və beynəlxalq səviyyədə tanınmış dövlətçiliyin qorunmasına sadiqliyini əks etdirir", - o qeyd edib.
Azərbaycan Xarici İşlər Nazirliyi dekabrın 29-da Somalinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini bəyan edib. "Somalinin "Somalilənd" regionunun tanınması beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə ziddir", - bəyanatda qeyd olunub.