IMG-LOGO

Azərbaycan Premyer Liqasının vərəqə mənzərəsi: Ən çox cəzalanan klublar bəlli olub - ARAŞDIRMA

30 Dec 2025 10:51 3 baxış
IMG

Cari mövsüm Misli Premyer Liqasının ilk yarısında ən çox sarı və qırmızı vərəqə ilə cəzalandırılan komandalar bəlli olub.

"Report"un araşdırmasına görə, "Sumqayıt" sarı vərəqələrin sayında birinci pillədə qərarlaşıb.

"Gənclik şəhəri" təmsilçisinin futbolçuları 16 tur ərzində 49 dəfə bu halla üzləşiblər.

"Araz-Naxçıvan" və "Karvan-Yevlax" (hər ikisi 36) 2-3-cü yerləri bölüşdürürlər.

"Kəpəz" (35) 4-cü sırada yer alıbsa, "İmişli" və "Şamaxı" (hər ikisi 32) 5-6-cı pillədədir.

"Qəbələ" və "Sabah" (hər ikisi 31) 7-8-ci, "Neftçi" və "Zirə" (hər ikisi 29) 9-10-cu sıraları bölüşdürürlər. "Turan Tovuz" 25 sarı vərəqə ilə 11-ci, "Qarabağ" (20) sonuncu - 12-cidir.

Qırmızı vərəqələrin sayında "Qəbələ" bütün rəqiblərindən öndədir. "Qırmızı-qaralar"ın oyunçuları 15 turda (bir oyun təxirə salınıb) 3 dəfə bu halla üzləşiblər. Onlardan 2-si birbaşa, digəri isə ikinci sarı vərəqədən sonra göstərilib.

"Araz-Naxçıvan" (ikinci sarıdan), "İmişli" (birbaşa), "Kəpəz" (birbaşa), "Neftçi" (birbaşa), "Şamaxı" (birbaşa), "Turan Tovuz" (ikinci sarıdan), "Sumqayıt" (ikinci sarıdan), "Zirə" (ikinci sarıdan) klublarının futbolçuları hərəyə bir dəfə qırmızı vərəqə alıblar. "Karvan-Yevlax", "Sabah" və "Qarabağ"ın oyunçuları hələlik "qırmızı" ilə cəzalandırılmayıblar.

Beləliklə, hakimlər Misli Premyer Liqasının ilk yarısında baş tutan 95 oyunda (XIV turun "Qəbələ" - "Turan Tovuz" görüşü təxirə salınıb) futbolçulara 385 sarı, 11 qırmızı vərəqə göstərilib.

Ən çox sarı vərəqəni isə "Araz-Naxçıvan"dan Patrik Andrade (7) alıb. Onu "Sumqayıt"dan Səbuhi Abdullzadə (6) izləyir.

Çempionatda hələlik iki qırmızı vərəqə alan oyunçu yoxdur.

Xəbər lenti