"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
"Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Sumqayıt Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Sona Məhərrəmova olub.
O doğulub boya-başa çatdığı Basarkeçər rayonunun Böyük Məzrə kəndindən söhbət açıb. Bildirib ki, Böyük Məzrədə Albanlara məxsus IX əsrə aid tarixi abidə olub. Üzərində "881-ci il" yazılmış bu abidə, eyni zamanda, kəndin yaxınlığında oğuzlara məxsus qəbiristanlıq Böyük Məzrədə tarixən Oğuz türklərinin yaşadığını sübut edir.
Tarixçi-alimin sözlərinə görə, kəndin adı - toponim Azərbaycan dilinə məxsus "böyük" sözü ilə ərəb dilində "əkilmiş yer, sürülüb toxum səpilmiş tarla" mənasında işlənən "məzrə" sözü əsasında əmələ gəlib. Hətta Səfəvilər dövrünə aid tarixi mənbələrdə bu yaşayış məntəqəsinin adı Quluağalı kimi qeyd olunub.
"Bizim üçün Böyük Məzrə kəndi Vətənin başladığı yerdir", - söyləyən S. Məhərrəmova söyləyib ki, 12 yaşına qədər bu qədim yurd yerində yaşayıb, orada orta məktəbə gedib. Alimin sözlərinə görə, Böyük Məzrənin iqtisadi və ictimai mühiti insanların yaxşı həyat tərzi keçirməsinə şərait yaradıb. Sovet dövründə bu yaşayış məntəqəsi hərtərəfli inkişaf edib. Bu kənddə milli mənəvi dəyərlər, Novruz adət-ənənələri qorunub saxlanılıb. Kənd sakinləri Novruz bayramını xüsusi təmtəraqla qeyd ediblər.
Son iki yüz il ərzində Qərbi azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiyalardan danışan tarixçi-alim S.Məhərrəmova diqqətə çatdırıb ki, indiyədək soydaşlarımız beş dəfə deportasiya olunublar. Bu hadisələr Böyük Məzrə kəndində kütləvi qırğınlarla, qətliamlarla müşayiət olunub. 1987-1991-ci illəri əhatə edən sonuncu deportasiyada da kənd sakinləri ermənilərin fiziki-mənəvi təzyiqləri, zorakılıqları ilə üzləşiblər.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Qərbi Azərbaycan Xronikası: Böyük Məzrə ərazisində də tarixən Oğuz türkləri yaşayıblar
