IMG-LOGO

Antikorrupsiya orqanları beş ukraynalı deputata ittiham irəli sürüldüyünü təsdiqləyib

30 Dec 2025 00:39 5 baxış
IMG

Ukraynanın Milli Antikorrupsiya Bürosu (MAB) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu (İAP) Ali Radanın beş deputatına qanunsuz maliyyə vəsaitlərinin əldə olunmasına görə ittiham irəli sürüb.

"Report"un Ukrayna KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə büronun mətbuat xidməti məlumat yayıb.

"MAB və İAP Ukrayna Ali Radasında fəaliyyət göstərən və xalq deputatlarının "lazımi" səsvermə müqabilində qanunsuz mənfəət əldə etməsini təmin edən mütəşəkkil cinayətkar qrupun üzvlərinə şübhəli şəxs qismində bildiriş təqdim edib. Qrupun tərkibinə Ukraynanın hazırkı xalq deputatları və Ali Rada aparatının vəzifəli şəxsləri daxil olub. Şübhəli şəxslər 5 nəfər Ukrayna xalq deputatıdır", - məlumatda qeyd olunur.

Bundan əvvəl MAB Rada deputatlarının mütəşəkkil cinayətkar qrup tərkibində "sistematik olaraq səsverməyə görə qanunsuz gəlir əldə etdiklərini" açıqlamışdı. Hüquq-mühafizə orqanları Ali Radanın bir sıra otaqlarında axtarışlar aparıblar.

İstintaqın məlumatına görə, qrup iyerarxik quruluşa və aydın rol bölgüsünə malik olub. Səsvermələrin təşkili üçün qrup üzvləri qanun layihələrinin nömrələrini xüsusi yaradılmış "WhatsApp" qrupuna göndəriblər. Səsvermədən sonra ayrı-ayrı deputatlara mütəmadi olaraq pul vəsaitləri çatdırılıb.

Xəbər lenti