IMG-LOGO

FHN Xaçmazda propan qaz balonlarından təhlükəli istifadə halları aşkar edib

29 Dec 2025 15:39 4 baxış
IMG

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) Xaçmaz rayonunda qeyri-yaşayış obyektlərində propan qaz balonlarından istifadə ilə əlaqədar növbəti monitorinqlər keçirib.

"Report"un Şimal bürosunun məlumatına görə, keçirilən monitorinq zamanı bəzi qeyri-yaşayış obyektlərində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd olaraq insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib.

Həyata keçirilən tədbirlər sayəsində təhlükə mənbəyi olan propan qaz balonları obyektlərin nümayəndələri tərəfindən kənarlaşdırılıb.

Bu çərçivədə görülən tədbirlərlə əlaqədar "Report"un yerli bürosuna açıqlama verən Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru Rəsul İmanquliyev bildirib ki, əhalinin və ərazilərin yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə mütəmadi olaraq belə monitorinqlər keçirilir:

"Növbəti monitorinqlər zamanı bəzi obyektlərdə yanğın təhlükəsizliyi, eləcə də tikinti norma və qaydalarının tələblərinə zidd bəzi obyektlərdə insan həyatı və sağlamlığı üçün ciddi təhlükə mənbəyi olan propan qaz balonlarından istifadə halları aşkar edilib.

Görülmüş tədbirlər nəticəsində həmin balonların sahibkarlar tərəfindən təhlükəsiz ərazilərə çıxarılması və istifadəsinin dayandırılması təmin olunub. Media vasitəsilə bir daha sahibkarların diqqətinə çatdırırıq ki, propan qaz balonlarının qadağan olunmuş yerlərdə istifadəsi yolverilməzdir və belə hallara yol verilməsi yanğın və partlayış təhlükəsi yaradır. Qanunvericiliyin tələblərinə əməl olunması hər kəs üçün mütləq tələbdir. Analoji hallara yol verilməsi sahibkar barəsində inzibati və cinayət məsuliyyətinin yaranmasına səbəb olacaq".

Xəbər lenti