İsraildə ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəsin reallaşmasında irəliləyiş əldə olunması üçün ölkənin Baş naziri Binyamin Netanyahuya bir sıra əsas məsələlərdə təzyiq göstərəcəyindən ehtiyat edirlər.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, bu sıraya İsrail qoşunlarının Qəzza sektorundan çıxarılması məsələsi də daxildir:
"Yəqin ki, ABŞ administrasiyası HƏMAS qruplaşmasının tərk-silah edilməsi məsələsini yan keçəcək. İsrail hökuməti narahatdır ki, Tramp onların mövqelərini zəiflədə bilər. Amerikalılar sadəlövhcəsinə düşünürlər ki, HƏMAS tərk-silah edilməsə də, Qəzza üzrə sülh planının həyata keçirilməsində irəliləmək mümkündür. Hazırda HƏMAS-ın tərk-silah edilməsi barədə real plan yoxdur".
Həmçinin ehtimal olunur ki, B.Netanyahu diqqəti İrana yönəldəcək.
İsrail hakimiyyət dairələrində iddia edirlər ki, rəsmi Tehran sürətləndirilmiş şəkildə öz ballistik raket arsenalını bərpa etməklə məşğuldur.