IMG-LOGO

907-ci düzəlişin ləğvi ilə bağlı qanun layihəsi böyük diplomatik məna daşıyır - RƏY

29 Dec 2025 14:37 4 baxış
IMG

ABŞ Konqresində təqdim olunan qanun layihəsi Azərbaycana yardım məhdudiyyətini nəzərdə tutan 907-ci düzəlişin - yəni Azadlığa dəstək aktı çərçivəsindəki bu maddənin tamamilə çıxarılmasını qarşıya məqsəd qoyur.

Bunu "Report"a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, bu maddə uzun müddət Azərbaycanla ABŞ arasındakı münasibətlərdə maneçilik törədən addım kimi qalırdı:

"Torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə Azərbaycana qarşı tətbiq edilən bu məhdudiyyətlər reallıqla ziddiyyət təşkil edir və münaqişənin mahiyyətini təhrif edirdi".

Siyasi şərhçi vurğulayıb ki, qanun layihəsində Azərbaycanın Vaşinqton və onun tərəfdaşları üçün etibarlı və faydalı müttəfiq olduğu vurğulanır, bildirilir ki, bu, son illərdə iki ölkə arasında artan əməkdaşlığın siyasi təsdiqidir.

"ABŞ-Azərbaycan münasibətlərinin hərbi, siyasi və iqtisadi sahələrdə sıxlaşması bu istiqamətdə öz əksini tapır və Konqresin bəzi üzvləri tərəfindən də sözügedən məqamların rəsmi şəkildə təsdiqlənməsi münasibətlərin dərinləşməsinə işarədir. Qanun layihəsi qeyd edir ki, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet olduğunu göstərib və sərhədlər, eləcə də ərazi bütövlüyü ilə bağlı razılaşma sülh sazişinin paraflanması ilə təsbit olunub".

Onun fikrincə, 907-ci maddənin ləğvi həm də uzun müddətdir ki, erməni lobbisi, həmçinin digər qrupların təsiri ilə formalaşan təbliğat köpüyünün məhvi istiqamətində kəsərli amil kimi dəyərləndirilə bilər.

"Bu qanun layihəsi ilə bağlı məsələ sadəcə bir hüquqi düzəliş deyil həm də böyük diplomatik məna daşıyır, bu həm də Azərbaycanla ABŞ arasındakı münasibətləri yeni fazaya keçdiyinə işarədir. Bu yenilik həm də Donald Trampın hakimiyyətə gəlməsindən və məsələlərə əvvəlki administrasiyadan fərqli olaraq obyektiv yanaşmasından irəli gəlir", - o deyib.

Xəbər lenti