Rusiya nümayəndələri müharibənin bitməsi barədə saziş layihəsinin hazırlanması üzrə işçi qrupuna daxil edilə bilərlər.
"Report" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna-ABŞ işçi qrupu artıq mövcuddur, bu qrup artıq nəticələr göstərib və müvafiq sənədlər hazırlayıb. Həmçinin Avropa tərəfdaşları ilə üçtərəfli işçi qrupu da yaradılıb.
"Əgər tezliklə dörd tərəf - Ukrayna, Avropa, ABŞ və Rusiya 20 maddəlik planı imzalasalar, onda yəqin ki, texniki qrupun dördtərəfli olması lazım olacaq. Buna normal yanaşırıq. Bilirəm ki, liderlər səviyyəsində və ya müvafiq telefon danışıqları səviyyəsində üçtərəfli - ABŞ, Ukrayna və Rusiya - görüş imkanlarımızla bağlı suallar var. Mən bir daha vurğulayıram: heç kimdən gizlənmirik, müharibənin sonunu yaxınlaşdıra biləcək istənilən variant və formata açığıq", - V.Zelenski qeyd edib.