IMG-LOGO

Qərbi Azərbaycanın virtual ensiklopedik toplusu təqdim edilib

29 Dec 2025 11:32 4 baxış
IMG

"Virtual Qərbi Azərbaycan Ensiklopedik toplu" adlı internet resursunun təqdimatı keçirilib.

"Report" xəbər ki, Strateji Kommunikasiyalar Mərkəzi (SKM) tərəfindən hazırlanan toplu tarixi materiallar isə əsasən ilkin mənbələr əsasında işlənilib.

Bu layihə çərçivəsində yaradılmış internet resursu 8 əsas bölmə, 34 başlıq və 55 alt başlıqdan ibarətdir. Resursda Qərbi Azərbaycanın ən qədim dövrlərdən bu günədək təbii-coğrafi şəraiti, tarixi coğrafiyası, arxeologiyası, etnoqrafiyası, siyasi, sosial-iqtisadi, hərbi və mədəniyyət tarixinə dair məsələlər əhatəli şəkildə əks etdirilib.

Layihədə bir məkan (şəhər, rayon və kənd) prinsipi əsasında əraziyə dair bütün məlumatların asan və rahat şəkildə əldə olunması imkanı yaranır.

Tədqiqat Qərbi Azərbaycan üzrə Azərbaycan xalqına məxsus yaşayış məntəqələrini, milli-mədəni irsə aid dini və tarixi abidələrin mövcud vəziyyətini əhatə edir. Tədqiqat çar Rusiyası və SSRİ dövrlərində erməni əhalisinin bu ərazilərə kütləvi şəkildə köçürülərək yerləşdirilməsi siyasətini, yerli azərbaycanlı əhalinin etnik təmizləmə, soyqırımı və deportasiyaya məruz qalması tarixini, toponimlərin məqsədli şəkildə dəyişdirilməsini və ərazinin tarixi coğrafiyasını əks etdirən xəritələrin təhlilini elmi əsaslarla təqdim edir.

SKM sədri Anar Qədirli tədbirin açılış mərasimində bildirib ki, layihənin əsas məqsədi Qərbi Azərbaycanla bağlı həqiqətləri elmi əsaslarla təqdim etməkdir:

"Bu reallıqlar mövcud səbəblərə görə, uzun müddət elmi və beynəlxalq müstəvidə lazımi səviyyədə əks olunmayıb. Bu ensiklopedik toplu tarixi həqiqətlərin sistemli və davamlı şəkildə yayılmasına şərait yaradır. Qeyd olunan istiqamətdə proses davam edəcək".

Layihənin elmi redaktoru Cəbi Bəhramov qeyd edib ki, layihə elmi prinsiplərə əsaslanıb:

"Ensiklopedik toplunun hazırlanmasına beş il vaxt sərf olunub. Burada Qərbi Azərbaycanla bağlı elmi baza yaradılıb. Toplu 34 başlıq, 55 alt başlıqdan ibarətdir. Bu yöndə işlərimiz davam edəcək. Bu toplu bizə o torpaqlara qayıtmağa daha çox ümid verir. Çünki bu, bizim hüququmuzdur".

SKM-nin sədr köməkçisi Əli Abdullayev qeyd edib ki, layihə çərçivəsində 16 kataloq hazırlanıb:

"Kataloqlara salınan xəritələr İrəvan və Gümrü şəhərlərini, məscidləri, qəbiristanlıqları, 1192 kəndi əhatə edir".

Onun sözlərinə görə, topluda Qərbi Azərbaycanın qədim tarixindən bugünədək olan arayışları yer alıb.

"Həmçinin ilk dəfə olaraq Azərbaycanda ermənilərin köçürülməsi prosesini əks etdirən kataloq yaradılıb, 1 milyona yaxın erməninin arxiv sənədləri sistemləşdirilib".

Xəbər lenti