IMG-LOGO

Umerov Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri postunda prioritetləri açıqlayıb

04 Aug 2026 03:15 3 baxış
IMG

Ukrayna Xarici Kəşfiyyat Xidmətinin (XKX) yeni rəhbəri Rüstəm Umerov beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini, prezidentin (Volodimir Zelenski – red.) strateji təşəbbüslərinin həyata keçirilməsini və qurumun imkanlarının gücləndirilməsini əsas vəzifələr adlandırıb.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Umerov sosial şəbəkədə məlumat yayıb.

Onun sözlərinə görə, XKX Ukraynanın milli maraqlarının müdafiəsi üçün daha güclü bir alətə çevrilmək potensialına malikdir. O, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini əsas istiqamətlərdən biri adlandırıb.

Umerov qeyd edib ki, son illərdə Ukrayna ABŞ, Böyük Britaniya, Norveç, Avropa İttifaqı (Aİ), Yaxın Şərq və Fars körfəzi ölkələri, Türkiyə, Cənubi Qafqaz dövlətləri və digər tərəfdaşlarla genişmiqyaslı əməkdaşlıq qurub.

O, həmçinin pilotsuz sistemlər istehsalının inkişafına, eləcə də hava və raket hücumundan müdafiə imkanlarının gücləndirilməsinə yönəlmiş "Drone Deal" və "Freya" layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Umerovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edildikdən sonra XKX-nin rəhbəri təyin edib.

Mənbə: report.az

Xəbər lenti