Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasıbda lokal atəşkəs haqqında daha bir razılaşmadan sonra Zaporojye Atom Elektrik Stansiyası yaxınlığındakı əsas elektrik xəttində təmir işləri başlayıb.
"Report"un məlumatına görə, agentliyin mətbuat xidməti bu barədə "X" sosial media platformasında xəbər verib.
"AEBA-nın vasitəçiliyi ilə lokal atəşkəsdən sonra Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığındakı elektrik xəttində mühüm təmir işləri başlayıb", - AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.
AEBA mütəxəssislərindən ibarət qrup bir neçə gün davam etməsi gözlənilən təmir işlərini müşahidə edir. Bu tədbirlər hərbi münaqişə zamanı nüvə hadisəsinin qarşısını almağa yönəlib.
Qrossi həmçinin münaqişənin hər iki tərəfinə Zaporojye Atom Elektrik Stansiyası və Zaporojye İstilik Elektrik Stansiyasının paylayıcı yarımstansiyaları arasında elektrik enerjisinin ötürülməsinin bərpasına imkan verəcək və bununla da nüvə təhlükəsizliyini gücləndirəcək başqa müvəqqəti sükut pəncərəsi yaratmaq barədə razılığa gəldiklərinə görə təşəkkür edib.